AZ

Virus infeksiyalarının əlamətləri nələrdir?

“Uşaqlar arasında yayılan virus infeksiyaları yüksək yoluxuculuq qabiliyyətinə malikdir və xüsusilə kollektiv mühitdə sürətlə yayılır”.

Turkustan.az xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu-nun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.

Pediatr qeyd edib ki, hazırda uşaqlar arasında daha çox respirator virus infeksiyalarına rast gəlinir və bu infeksiyaların əksəriyyətini viruslar təşkil edir. Onun sözlərinə görə, mövsümlə əlaqədar olaraq qrip (influenza), paraqrip, adenovirus, rotavirus, RSV, rinovirus və digər viruslar geniş yayılıb.

S.Cəfərova bildirib ki, altı aya qədər körpələr ana südü vasitəsilə əldə olunan immunitet səbəbindən virus infeksiyalarına nisbətən daha az yoluxurlar. Lakin immunitet zəif olduqda bu yaş qrupunda da xəstələnmə mümkündür. O vurğulayıb ki, əsas risk qrupu beş yaşına qədər olan uşaqlardır. Bu yaşda uşaqlar bağça və digər kollektiv mühitlərdə sıx təmasda olduqları üçün infeksiyalar daha tez yayılır.

Pediatrın sözlərinə görə, virus infeksiyalarının ümumi əlamətləri əsasən qızdırma, halsızlıq, öskürək, burun axıntısı və digər kataral simptomlarla müşahidə olunur. Bəzi hallarda isə ishal da qeydə alınır.

O əlavə edib ki, qrip virusu adətən yüksək hərarət, güclü baş və əzələ ağrıları ilə keçir. Adenovirus zamanı burun axıntısı, quru öskürək və bəzən ishal müşahidə oluna bilər. Rotavirus infeksiyası isə daha çox qusma, ishal, qarın ağrısı və yüksək qızdırma ilə özünü göstərir.

Rinovirus və RSV infeksiyaları əsasən yuxarı tənəffüs yollarını zədələyir, burun axıntısı, gözlərdə yaşarma, öskürək və xırıltılı tənəffüs kimi əlamətlərlə müşahidə olunur.

S.Cəfərova qeyd edib ki, son dövrlərdə uşaqlar arasında Koksaki virusu da yayılır. Bu infeksiya “əl-ayaq-ağız” xəstəliyi kimi tanınır və qızdırma, həmçinin əl, ayaq və ağız nahiyəsində səpkilərlə xarakterizə olunur.

Pediatr həmçinin “beşinci” və “altıncı” xəstəlik kimi tanınan virus infeksiyalarına da diqqət çəkib. Bildirib ki, bu xəstəliklər əsasən azyaşlı uşaqlarda bir neçə gün davam edən yüksək qızdırma ilə başlayır, qızdırma düşdükdən sonra isə səpkilər əmələ gəlir. Onun sözlərinə görə, bu səpkilər bəzən qızılca, məxmərək və ya skarlatina ilə səhv salına bilər. Buna görə də belə hallarda mütləq həkimə müraciət edilməlidir. /Bakıvaxtı.az/

Seçilən
9
1
turkustan.az

2Mənbələr