AZ

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı turizmin inkişafına da güclü təkan verəcək

Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mövcud olan siyasi dialoqun yüksək səviyyəsinin, qarşılıqlı etimadın və tərəfdaşlıq ruhunun bariz göstəricisidir. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Bakı ilə Vaşinqton arasında münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasının rəhbəri Nizaməddin Hüseynzadə söyləyib.

Onun sözlərinə görə, bu mühüm sənəd ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilmiş ABŞ lideri Donald Tramp və möhtərəm Prezident İlham Əliyev tərəfindən ortaya qoyulmuş siyasi iradənin məntiqi nəticəsidir: “Məhz həmin görüşlərdən sonra ikitərəfli münasibətlərin daha dinamik, məqsədyönlü və sistemli şəkildə inkişafı üçün möhkəm zəmin formalaşıb. Strateji Tərəfdaşlıq Xartiyası enerji təhlükəsizliyi, nəqliyyat və logistika, iqtisadi əməkdaşlıq, müdafiə və təhlükəsizlik, eləcə də regional sabitlik kimi mühüm istiqamətləri əhatə etməklə tərəflərin uzunmüddətli maraqlarının üst-üstə düşdüyünü təsdiqləyir. Bakı ilə Vaşinqton arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı dünyanın ən qüdrətli ölkələrindən biri olan Amerika Birləşmiş Ştatlarının regionda sülhə və sabitliyə verdiyi töhfəni yüksək qiymətləndirir. ABŞ-nin konstruktiv mövqeyi və sülh təşəbbüslərinə verdiyi dəstək regionda dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir”.

N. Hüseynzadə qeyd edib ki, Tramp administrasiyasının regionda sülh və rifah naminə həyata keçirdiyi təşəbbüslərin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir: “Bu layihə təkcə Azərbaycanın iki hissəsini birləşdirən strateji əhəmiyyətli nəqliyyat xətti olmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan, Ermənistan və digər qonşu dövlətlərin ərazilərindən keçməklə Asiya ilə Avropa arasında etibarlı, təhlükəsiz və böyükmiqyaslı nəqliyyat dəhlizi formalaşdırır. TRIPP layihəsi regionda iqtisadi inteqrasiyanın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və sülh sahəsində əldə olunmuş nəticələrin davamlı xarakter almasına mühüm töhfə verir. Məhz bu strateji çərçivədə Azərbaycan ilə ABŞ arasında turizm sahəsində əməkdaşlıq da xüsusi aktuallıq kəsb edir. Turizm əlaqələri təkcə iqtisadi deyil, eyni zamanda humanitar, mədəni və diplomatik əhəmiyyət daşıyan mühüm istiqamət kimi çıxış edir. Son illərdə Azərbaycanın zəngin mədəni irsi, tarixi-memarlıq abidələri, təhlükəsiz mühiti və müasir infrastruktur imkanları ölkəmizi Amerika turistləri üçün cəlbedici istiqamətə çevirib”.

Assosiasiya rəhbəri vurğulayıb ki, TRIPP layihəsinin reallaşması regional turizmin inkişafında da həlledici rol oynayacaq: “Bu nəqliyyat dəhlizi yalnız yük və sərnişin daşımalarını asanlaşdırmır, eyni zamanda turistlərin region üzrə hərəkət imkanlarını genişləndirir, yeni marşrutların formalaşmasına şərait yaradır və iqtisadi-mədəni əlaqələri möhkəmləndirir. Beləliklə, nəqliyyat təhlükəsizliyi ilə turizm inkişafı arasında qarşılıqlı tamamlayıcılıq təmin olunur. Bir məsələni də qeyd edim ki, Amerika bazarı Azərbaycanın turizm strategiyasında prioritet istiqamətlərdən biridir. ABŞ-dan ölkəmizə səfər edən turistlər adətən uzunmüddətli qalır, yüksək xərcləmə qabiliyyəti ilə seçilir və mədəni-tarixi turlara xüsusi maraq göstərirlər. Bu isə hotellər, nəqliyyat, ictimai iaşə, bələdçilik xidmətləri və yerli sahibkarlıq sahələrinin inkişafına güclü təkan verir, regionların sosial-iqtisadi dirçəlişinə töhfə verir. Eyni zamanda, qarşılıqlı turizmin daha da genişlənməsi üçün viza prosedurlarının sadələşdirilməsi mühüm amil kimi dəyərləndirilir. Azərbaycan və ABŞ arasında viza mexanizmlərinin daha əlçatan olması insanlar arasında təmasların artmasına, mədəni dialoqun güclənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edər. Rahat viza rejimi turizm axınını artırmaqla yanaşı, ikitərəfli diplomatik münasibətlərin humanitar əsaslarını daha da gücləndirər”.

Nizaməddin Hüseynzadə sonda bildirib ki, bütövlükdə Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində inkişafı turizm sahəsində əməkdaşlığın da keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə geniş imkanlar açır: “Siyasi dialoq, nəqliyyat-logistika layihələri və humanitar əlaqələrin vəhdəti turizmi ikitərəfli münasibətlərin mühüm dayaqlarından birinə çevirir. Bu baxımdan, turizm yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda xalqlar arasında mədəni körpülərin qurulmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edən strateji əməkdaşlıq sahəsi kimi xüsusi əhəmiyyət daşıyır”.

Seçilən
14
ikisahil.az

1Mənbələr