AZ

“Sarkisyanı kiçiltmək olmaz – müharibələr artıq texnologiya üzərindən gedir"

"Sabiq Ermənistan prezidenti Armen Sarkisyanı kiçiltmək doğru olmaz".

Milli.Az xəbər ki, bunu Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası" mövzusunda Respublika elmi konfransında deyib.

"Armen Sarkisyan "Tetris"in yaradıcılarından biri kimi texnoloji düşüncəyə sahib şəxsdir. Onun 2020-ci ildə bir çıxışı olmuşdu və bu, məni ciddi düşündürdü. Ona sual verilmişdi ki, müharibəni uduzmusunuz, torpaqları necə qaytarmağı düşünürsünüz? O isə cavabında bildirmişdi ki, bunu artıq klassik müharibə ilə deyil, texnologiya və elm vasitəsilə etmək lazımdır. Yəni gələcəkdə əsgər anlayışının funksiyası dəyişəcək".

C.Xəlilov vurğulayıb ki, müasir müharibələr və geosiyasi proseslər texnologiya üzərindən qurulur:

"İsrail-İran qarşıdurmasına baxsaq, ənənəvi anlamda cəbhədə döyüşən əsgər modelini görmədik. Müharibələr artıq yüksək texnologiyalar, pilotsuz sistemlər, süni intellekt və kiber imkanlar üzərindən aparılır. Ona görə də biz yalnız silahlanma və ya siyasi ritorika ilə gələcəyə hazırlaşa bilmərik".

Bildirib ki, məsələ təkcə strategiya qəbul etmək deyil, işlək mexanizm formalaşdırmaqdır:

"Əgər bu cür konfranslar yalnız formal xarakter daşıyacaqsa, nəticə əldə etmək çətin olacaq. Konkret qərarlara və real addımlara ehtiyac var. Mən artıq yanvar ayında bununla bağlı administrasiyaya müraciət etmişəm. Təklif etmişəm ki, necə ki "Mavi vətən" anlayışı mövcuddur, biz də 50 illik perspektivi nəzərə alaraq "Kosmik vətən" konsepsiyasını müzakirəyə çıxaraq. Çünki gələcək məhz aerokosmik və yüksək texnologiyalar istiqamətində formalaşır".

Onun sözlərinə görə, yalnız proqram təminatı deyil, texniki təminatı istiqamətində də süni intellekt əsaslı həllər hazırlanmalıdır:

"Bu gün ölkədə həm proqram, həm də texniki həllərlə bağlı potensial var. Lakin bəzi təşəbbüslər müxtəlif səbəblərdən realizə olunmur. Mən yalnız xahiş edə bilərəm ki, bu məsələlər Milli Məclisdə də geniş müzakirə olunsun. Çünki əsas məsələ qərarın qəbulu deyil, onun işləmə mexanizminin düzgün qurulmasıdır".

Mina Mikayılova
Milli.Az

Seçilən
36
1
milli.az

2Mənbələr