AZ

İRİA: Bu ilin sonuna qədər texnoparkdakı rezidentlərin sayı 200-ə çatacaq

Bakı, 11 fevral, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC

Azərbaycanda Texnopark rezidentlərinin sayı 165-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxış zamanı bildirib.

Onun sözlərinə görə, rezident şirkətlərdən 155-i yerli, 10-u isə xarici şirkətdir.

Texnoparkda fəaliyyət göstərən şirkətlərin sayı dinamik şəkildə artır. Texnopark rezidentləri üçün mənfəət, əmlak və torpaq vergiləri üzrə güzəştlər, eləcə də sosial sığorta mexanizmlərinin sadələşdirilməsi tətbiq olunur. Bu, şirkətlərin maliyyə dayanıqlığını gücləndirir və innovasiya yönümlü fəaliyyət üçün əlverişli mühit yaradır. Beynəlxalq texnologiya şirkətlərinin Azərbaycana cəlbi istiqamətində işlər davam etdirilir. “EPAM Systems” və “Andersen Lab” kimi qlobal şirkətlərin Bakıda nümayəndəlik açması ölkənin rəqəmsal ekosisteminin gücləndirilməsinə xidmət edir”, - deyə Salar İmaməliyev vurğulayıb.

İRİA rəsmisi Türkiyə şirkətlərini də Texnopark rezidenti olmağa dəvət edib və bunu regional əməkdaşlıq üçün yeni imkan kimi dəyərləndirib.

“Azərbaycan–Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” panelində çıxış edən İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev isə bu ilin sonuna kimi texnoparklardakı şirkətlərin sayının 200-ə çatacağını bildirib: “Bu şirkətlər ölkənin informasiya texnologiyaları sektorunda kiçik, orta və iri ölçülü şirkətləri birləşdirir, proqram təminatı, proqram inkişafı və İT inteqrasiya sahələrində xidmət göstərirlər. Texnoparka üzv olan şirkətlər Türkiyədəki praktika ilə paralel olaraq 10 illik vergi, miqrasiya və digər sahələrdə güzəştlərdən faydalana bilirlər.

Bundan əlavə, rezident şirkətlər geniş İT ekosisteminə daxil olaraq əməkdaşlıq imkanlarını artırırlar. Əsas məqsədimiz texnoparkdakı iş həcmini artırmaq və burada yaradılan məhsulların ixrac potensialını genişləndirməkdir”, - deyə Elvin Hacıyev vurğulayıb.

Hazırda İRİA-nın iki texnoparkı fəaliyyət göstərir – biri Bakı şəhərinin Pirallahı qəsəbəsində, digəri isə Mingəçevir şəhərində yerləşir.

 

Seçilən
15
azertag.az

1Mənbələr