AZ

Regionun geosiyasi gələcəyini dəyişən imza: ABŞ və Azərbaycan bir cəbhədə

“Prezident İlham Əliyevin son illərdə formalaşdırdığı “məntiqi qələbə diplomatiyası” artıq regional və qlobal müstəvidə konkret nəticələr verməyə başlayıb. 44 günlük müharibədən sonra Azərbaycanın əsas prioriteti hərbi qələbəni siyasi, iqtisadi və geosiyasi üstünlüyə çevirmək idi. Bu strategiyanın əsas xətti sülh gündəliyinin müəyyənləşdirilməsi, regionda əməkdaşlıq platformalarının yaradılması və Azərbaycanın mərkəzi aktora çevrilməsi oldu. ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə məhz bu xəttin kulminasiya nöqtəsi kimi qiymətləndirilə bilər”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O qeyd edib ki, bu sənəd sadəcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq üçün yeni geosiyasi çərçivənin formalaşmasının göstəricisidir.

O əlavə edib ki, Azərbaycanın postmüharibə strategiyası üç əsas sütun üzərində qurulub: “Birincisi, suverenliyin beynəlxalq legitimliyinin möhkəmləndirilməsi, ikincisi, regional bağlantıların yaradılması, üçüncüsü, qlobal güclərlə balanslı tərəfdaşlıq.
ABŞ ilə imzalanan Xartiyanın ilk bəndinin birbaşa Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təsdiqi ilə başlaması təsadüfi deyil. Bu, Azərbaycanın müharibədən sonra əldə etdiyi geosiyasi reallıqların Vaşinqton tərəfindən açıq şəkildə qəbul edilməsi deməkdir.

Bu məqam İlham Əliyevin diplomatiyasının əsas uğurlarından biri sayılır. Bu, hərbi qələbənin beynəlxalq siyasi təsdiqə çevrilməsidir”.
İ. Yusifov deyib ki, Strateji Tərəfdaşlıq Xartiyası faktiki olaraq Azərbaycan–ABŞ münasibətlərini yeni səviyyəyə yüksəldir: “Bu tərəfdaşlığın əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir:
1. Azərbaycan-Orta Dəhlizin mərkəzi ötürücü  məkanı
Sənəddə Transxəzər Nəqliyyat Dəhlizi və TRIPP marşrutunun xüsusi vurğulanması Azərbaycanın qlobal logistika mərkəzi rolunun ABŞ tərəfindən tanındığını göstərir.
Bu o deməkdir ki, Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qapısına çevrilir. Bakı Qərbin alternativ ticarət marşrutlarının əsas dayağı kimi çıxış edir və regionun iqtisadi xəritəsində geosiyasi ağırlıq mərkəzi dəyişir.

Bu proses Azərbaycanın “enerji ölkəsi” imicindən “qlobal bağlantı hubu”na transformasiyasını sürətləndirir.
2. Enerji təhlükəsizliyində Azərbaycanın rolu
Xartiyada Azərbaycanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi xüsusi qeyd edilməsi Avropa və ABŞ üçün Bakının strateji əhəmiyyətini təsdiqləyir.
Bu, üç mühüm mesaj verir. Birincisi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin uzunmüddətli təminatçısıdır, ikinsisi, enerji əməkdaşlığı neft və qazdan elektrik və nüvə sahəsinə genişlənir, üçüncüsü Bakı artıq qlobal enerji təhlükəsizliyi sisteminin əsas oyunçularından biridir.
Mülki nüvə əməkdaşlığının sənəddə yer alması isə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
3. Kritik minerallar və yeni iqtisadi reallıq
Xartiyada kritik mineralların tranziti ilə bağlı əməkdaşlıq xüsusi yer tutur. Bu məsələ XXI əsrin texnoloji və geosiyasi rəqabətinin əsas istiqamətlərindən biridir.
Bu bəndin mənası isə Azərbaycan yaşıl enerji və yüksək texnologiyalar dövrünün logistika qovşağına çevrilməsi, Bakı qlobal təchizat zəncirində strateji keçid nöqtəsi statusu qazanmasından ibarətdir.

Bu sənəd eyni zamanda Azərbaycan diplomatiyasının ən mühüm xüsusiyyətini göstərir: balanslaşdırılmış çoxvektorlu siyasət.
Azərbaycan Qərblə strateji tərəfdaşlığı gücləndirir, regionda əməkdaşlıq platformaları yaradır, eyni zamanda müstəqil qərarvermə xəttini qoruyur.

Bu yanaşma Bakını regionda təşəbbüs yaradan mərkəzə çevirir.
ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın postmüharibə diplomatiyasının ən mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu sənəd göstərir ki, Azərbaycan regional aktordan qlobal geosiyasi mərkəzə çevrilir, Bakı regionun logistika, enerji və təhlükəsizlik platformasının əsas sütunudur, Prezident İlham Əliyevin yürüdüyü məntiqi qələbə diplomatiyası artıq yeni geosiyasi reallıq yaradır.

Başqa sözlə, hərbi qələbə siyasi və iqtisadi üstünlüyə çevrilərək Azərbaycanın beynəlxalq sistemdə rolunu keyfiyyətcə yeni mərhələyə çıxarır”.
 
Mürtəza

Seçilən
16
1
olke.az

2Mənbələr