AZ

Samir Məmmədov: Azərbaycan süni intellekt sahəsində regionda lider mövqeyini gücləndirir

Bakı, 11 fevral, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC

Azərbaycan süni intellekt sahəsində regionda mövqeyini gücləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, ölkədə süni intellekt strategiyası qəbul olunub, bu sənəd çərçivəsində idarəetmə mexanizmləri formalaşdırılır, dövlət və özəl sektor arasında tərəfdaşlıq genişləndirilir.

S.Məmmədov qeyd edib ki, Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində “Very High EGDI” kateqoriyasına yüksəlib, Dünya Bankının rəqəmsal dövlət texnologiyaları üzrə qiymətləndirməsində isə “A” qrupunda yer alır.

““Oxford Insights” tərəfindən dərc olunan “Süni İntellekt Hazırlıq İndeksinə” əsasən, Azərbaycan Cənubi Qafqazda lider mövqedədir, Cənubi və Mərkəzi Asiya regionunun ilk beşliyində qərarlaşıb. 2025-ci ilin nəticələrinə görə ölkə 69-cu pillədə yer alıb. Ölkəmizdə Süni İntellekt Akademiyası və Milli Süni İntellekt Mərkəzi fəaliyyətə başlayıb. Eyni zamanda, normativ-hüquqi aktlar üzrə süni intellekt əsaslı axtarış və təhlil imkanları yaradan “E-Qanun AI” platforması istifadəyə verilib”, - deyə nazir müavini əlavə edib.

Forum çərçivəsində Türkiyə şirkətləri Azərbaycandakı texnoparkların təqdim etdiyi vergi güzəştlərindən və əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub. Qeyd olunub ki, bu əməkdaşlıq iki ölkə arasında rəqəmsal ekosistemin daha da inteqrasiyasına xidmət edəcək.

Seçilən
14
2
azertag.az

3Mənbələr