AZ

“Süni zəka artıq texnoloji yenilik deyil, strateji resursdur” - Zahid Oruc

"Hazırda həm Azərbaycan cəmiyyətində, həm də ümumilikdə türk dünyasında süni zəkanın müxtəlif sosial təbəqələr və peşə qrupları tərəfindən necə qəbul edildiyi araşdırılır. İnsanların bu texnologiyaya münasibəti – onun qorxu, yoxsa maraq və simpatiya doğurması – artıq elmi tədqiqat predmetinə çevrilib".

SİA xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc keçirilən elmi konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, bu istiqamətdə ilk müzakirələrdən biri Türk Akademiyasında təşkil olunub və dövlət səviyyəsində alimlərə, ziyalılara verilən dəyər açıq şəkildə nümayiş etdirilib. Onun sözlərinə görə, bu cür görüşlərin davamlı xarakter alması elmin cəmiyyətdəki rolunun artdığını göstərir.

Zahid Oruc qeyd edib ki, tarixi təcrübə göstərir ki, elm və təhsil hər zaman strateji əhəmiyyət daşıyıb. 1970–80-ci illərdən başlayaraq, xüsusilə 1990-cı illərdən sonra Azərbaycan gənclərinin xarici ali məktəblərə göndərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub və bilik potensialı milli inkişafın dayağı kimi qəbul edilib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhsil və insan kapitalına investisiya dövlət strategiyasının prioritet istiqamətlərindən birinə çevrilib. Qarabağ uğrunda mübarizə zamanı da müasir müharibənin təkcə fiziki güclə deyil, texnologiya, strateji planlama və intellektual üstünlüklə qazanıldığını gördük.

O bildirib ki, təbii resurslar mühüm amil olsa da, uzunmüddətli inkişaf üçün kifayət deyil: “Əsl sərvət yerin altındakı ehtiyatlar deyil, yerin üstündə – insan kapitalında, elmdə, innovasiyada və texnoloji inkişafdadır”.

Zahid Orucun sözlərinə görə, süni zəka bu baxımdan yalnız texniki yenilik deyil, həm də strateji resurs kimi qiymətləndirilməlidir: “Onun düzgün tətbiqi və inkişafı Azərbaycan və bütövlükdə türk dünyasının gələcək rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
13
1
sia.az

2Mənbələr