Ermənistanın Baş naziri Paşinyan TRİPP dəhlizi ilə bağlı Rusiyaya müraciət etdiklərini bildirib.
AzPost-un məlumatına görə, o bu barədə ABŞ-ın vitse-prezidenti Vensin səfərinin nticələri ilə bağlı Ermənistan İctimai Televiziyasına müsahibəsində danışıb.
Paşinyan “Rusiya dəmir yolunun “Tramp marşrutu” ilə əlaqəli hissələrini təmir etməkdən imtina edərsə, hansı alternativ həll yolu mövcuddur?” sualına cavab verib.
Baş nazir bildirib ki, Rusiyadakı tərəfdaşlarla əlaqə saxlaylb. “Siyasi baxımdan müsbət cavab aldıq. Amma burada çox vacib bir praktik məsələ var. Əlbəttə ki, dəmir yolu Zəngilandan Meğridən, daha sonra isə Naxçıvandan keçəcək. Beynəlxalq kontekstdə bu marşrutun necə davam etdiriləcəyi çox vacibdir. Hazırda iki rəqabətli variant mövcuddur”.
Paşinyan vurğulayıb ki, Türkiyə və Azərbaycan Qarsdan Naxçıvana yeni dəmir yolu çəkmək layihəsini elan ediblər: “Bu yolun artıq dəmir yolunun mövcud olduğu Yerasx-Axurik marşrutu boyunca uzanacağını gözləyirik. Yerasx hissəsi cəmi bir neçə kilometr, Axurik hissəsi isə daha da qısadır. İndi rəqabət üstünlüklərimizə diqqət yetirməliyik. Burada görürük ki, beynəlxalq kontekstdə dəmir yolunun bu hissəsinin Rusiyanın yurisdiksiyasında olması Qars-Dilicu marşrutunu daha əlverişli şəkildə təqdim etmək üçün istifadə olunur. Bu, bizim üçün problemdir, çünki sonda rəqabət üstünlüyümüzü itiririk. Rusiyalı tərəfdaşlarımıza böyük hörmətimiz var, amma fakt budur ki, gərgin beynəlxalq vəziyyət və mülkiyyətimiz olan dəmir yolumuzun Rusiya Federasiyasının nəzarəti altında olması səbəbindən burada rəqabət üstünlüyümüzü itiririk. Bundan sonra nə edəcəyimizi düşünməliyik”.
Paşinyan bildirib ki, bu, bir və ya iki ilin məsələsi deyil. Tez bir zamanda həll yolu tapılmalıdır.
“Hansı həll yolları tapmalı olduğumuzu başa düşməliyik, çünki söhbət Ermənistanın uzunmüddətli strateji maraqlarından gedir. Bütün dost ölkələr özlərini çıxılmaz vəziyyətə salmalı deyil, maraqlarımıza xidmət etməkdə maraqlı olmalıdırlar”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.