AZ

Saakaşvili: “Daha 3 il gözləyirəm, cəza müddətim 16 ilə çatacaq”

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu qədər ağır cəza adətən seriyalı qatillərə və pedofillərə verilir”

"Mənə əlavə cəza verilməsi nəticəsində ümumi cəza müddətim16 ilə yüksələcək". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili məhkəmə iclasında çıxış edərək bildirib.

Saakaşvili bildirib ki, bu qədər ağır cəza adətən seriyalı qatillərə və pedofillərə verilir: “Daha 3 il gözləyirəm, cəza müddətim 16 il olacaq. Mənə əlavə cəza verirsiniz. Bu qədərini seriyalı qatillərə və pedofillərə kəsirlər. Övladlarımı bir daha görməməliyəm və heç vaxt təmiz havada gəzə bilməməliyəm, çünki üzərimə əlavə olunan cəzalar artır”.

O həmçinin cəmiyyəti və siyasətçiləri birliyə çağırıb. Saakaşvili bildirib ki, rejim insanların qorxusu ilə qidalanır və vətəndaşlardan mövcud reallıqla barışmağı tələb edir.

“Bizim cavabımız budur: heç nəyə boyun əymirik və heç nədən qorxmuruq. Biz mütləq qalib gələcəyik”, – deyə o vurğulayıb.

Saakaşvili çıxışında qeyd edib ki, müxtəlif partiyaların nümayəndələri keçmiş hadisələrə fərqli yanaşa bilərlər, lakin ölkənin gələcəyi ilə bağlı ortaq mövqedə dayanmaq vacibdir. O, birliyin yalnız məhkəmə zalında deyil, küçələrdə və birgə tədbirlərdə də baş tutmalı olduğunu bildirib.

Qeyd edək ki, “sabotaj işi” üzrə Gürcüstanın Baş Prokurorluğu Giorgi Vaşadze, Nika Qvaramia, Nika Melia, Zurab Girçi Caparidze, Elene Xoştaria, Mamuka Xazaradze və Badri Caparidze barəsində də ittiham irəli sürüb.

İş materiallarına əsasən, Giorgi Vaşadze və Zurab Girçi Caparidzeyə Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi və 319-cu maddəsi ilə – sabotaj və xarici dövlətin xeyrinə düşmən fəaliyyətinə yardım maddələri üzrə ittiham verilib. Bu maddələr 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Elene Xoştariaya 318-ci maddənin birinci hissəsi, 319-cu maddə və 321-prim maddənin birinci hissəsi ilə – sabotaj, bu cinayət üçün maddi resursların təmin edilməsi və xarici dövlətin xeyrinə fəaliyyətə yardım ittihamları irəli sürülüb.

Nika Qvaramia, Nika Melia, Mamuka Xazaradze və Badri Caparidzeyə isə Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci hissəsi – sabotaj maddəsi ilə ittiham təqdim olunub.

Mixail Saakaşviliyə qarşı ittiham Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə irəli sürülüb ki, bu da Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışları nəzərdə tutur.

Məhkəmənin qərarı ilə Giorgi Vaşadze və Zurab Girçi Caparidzeyə 30 min lari, Mamuka Xazaradze və Badri Caparidzeyə isə 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
110
ayna.az

1Mənbələr