AZ

Rohinca müsəlmanlarının soyqırımı ilə bağlı BƏM-ə təkzibolunmaz dəlillər təqdim edilib

Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Myanmaya qarşı soyqırımı işinin mahiyyəti üzrə dinləmənin başa çatmasından sonra Qambiya hüquq qrupunun başçısı vəkil Arslan Süleyman və Fortify Rights insan haqları təşkilatının təsisçisi və icraçı direktoru Metyu Smit "Anadolu" Agentliyinə verdikləri şərhlərdə bu məhkəmə prosesinin təkcə Myanma üçün deyil, həm də soyqırımı iddiaları ilə bağlı sonrakı bütün işlər üçün əhəmiyyətini vurğulayıblar.

Qambiya BƏM-ə Myanma ordusunun rohinca müsəlmanlarını qəsdən təqib etdiyini, bu etnik və dini qrupu məhv etmək məqsədilə soyqırımı törətdiyini göstərən geniş dəlil və ifadələr təqdim edib. Myanma isə bu ittihamları tamamilə rədd edərək iddia edir ki, hərbi əməliyyatlar yalnız terrorizmə qarşı mübarizənin bir hissəsi kimi həyata keçirilib və müəyyən bir etnik azlığı məhv etmək niyyəti güdməyib.

Arslan Süleyman və Metyu Smit Haaqada keçirilən son dinləmələrlə bağlı qiymətləndirmələrini bölüşərək məhkəmə prosesinin gedişi barədə məlumat veriblər və onun digər soyqırımı işlərinə potensial təsirini müzakirə ediblər. A.Süleyman bildirib ki, Qambiya Beynəlxalq Ədalət Məhkəməsinə ən əhatəli soyqırımı sübutları toplusunu təqdim edib: "Dosyedə BMT-nin Müstəqil İstintaq Mexanizmi, digər  qurumlarının müstəqil və etibarlı hesabatları, şahid ifadələri, ekspert rəyləri, peyk görüntüləri, rəqəmsal məhkəmə ekspertizası təhlili və Myanma ordusuna aid edilə bilən sosial media paylaşımları yer alıb".

Bundan əlavə, iş materiallarına Myanma rəsmilərinin ifadələri, müstəqil insan haqları təşkilatlarının hesabatları,  jurnalist araşdırmaları materialları və digər sübut mənbələri daxildir. A.Süleyman vurğulayıb ki, bütün bunlar Myanma ordusunun Arakan əyalətində rohinca müsəlmanlarına qarşı soyqırımı aktları törətdiyini inandırıcı şəkildə nümayiş etdirir. Qeyd olunub ki, bir sıra qapalı iclaslarda soyqırımından bəzi sağ çıxanlar hakimlər qarşısında şəxsən ifadə veriblər və bu, hakimlərin əsl mənzərəni anlamaları üçün çox vacib idi. "Dinləmə zamanı soyqırımından sağ çıxanlara söz verilməsi zaldakı hər kəsdə dərin hisslər oyatdı. Mən duydum ki, zaldakı insanların əksəriyyəti qurbanların güclü ifadələrindən dərin təsirləniblər. Sağ qalanların birbaşa dinlənilməsi hakimlərə bu və minlərlə digər ifadənin etibarlığını qiymətləndirməyə imkan verir", - deyə A.Süleyman bildirib. O, həmçinin vurğulayıb ki, Qambiya məhkəməyə Myanmanın soyqırımı niyyətinə dair dəqiq və inandırıcı dəlillər təqdim edib və bunlar məhkəmə tərəfindən müəyyən edilmiş yüksək sübut standartlarına cavab verib. 

Fortify Rights şirkətinin təsisçisi və baş direktoru isə deyib ki, üçhəftəlik dinləmələrin ən əhəmiyyətli aspektlərindən biri Myanma hərbi xuntasının nümayəndələrinin məhkəmə zalında oturub rohinca müsəlmanlarına qarşı soyqırımı ilə bağlı dəlilləri və ifadələri dinləməyə məcbur edilməsi olub. M.Smit qeyd edib ki, Myanma ordusunun "Feysbuk" və digər sosial media platformalarından istifadəsi Qambiyanın işini əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə, nifrət yaydığı üçün hərbi xunta lideri general Min Aunq Hlainqin də daxil olmaqla bir neçə "Feysbuk" səhifəsinin bağlanması barədə elan xüsusilə əhəmiyyətlidir: "Bir neçə ildir ki, Myanma ordusu "Feysbuk" platformasından Metanın "koordinasiyalı qeyri-səmimi davranış" adlandırdığı bir hissə kimi istifadə edir. Bu, geniş ictimaiyyətə gizli təsir göstərərək rohinca müsəlmanları və Arakan əyalətindəki hadisələr haqqında ictimai rəy formalaşdırıb və bu qrupa qarşı zorakılığa təhrik edib. Xüsusi əhəmiyyəti olan odur ki, bu fəaliyyət rəsmi hərbi məlumatlara əsasən həyata keçirilib. Bu, texnologiyanın soyqırımı aktları da daxil olmaqla geniş məqsədlər üçün necə istifadə edilə biləcəyini açıq şəkildə göstərir".

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr