“Paramount Skydance” şirkəti “Warner Bros.”un “Netflix” ilə 82,7 milyard dollarlıq razılaşma baş tutmadığı təqdirdə ödəməli olacağı 2,8 milyard dollarlıq kompensasiyanı tam şəkildə maliyyələşdirməyi təklif edib.
“Reuters” agentliyinin məlumatına görə, şirkət həmçinin “Warner Bros.” səhmdarlarına 2027-ci ildən başlayaraq və sövdələşmə bağlanana qədər hər rüb səhm başına 25 sent “gözləmə haqqı” ödəməyi də təklif edib. Bu isə ümumilikdə ildə təxminən 650 milyon dollar nağd vəsait deməkdir.
“Paramount”un baş direktoru David Ellison bu addımları səhmdarlara dəyər baxımından əminlik vermək, aydın tənzimləyici yol göstərmək və bazar dəyişkənliyindən qorunma təmin etmək məqsədi daşıyan “əhəmiyyətli təkmilləşdirmələr” adlandırıb. Buna baxmayaraq, “Paramount”un ümumi təklif məbləği dəyişməz qalıb — səhm başına 30 dollar, ümumilikdə isə təxminən 108,4 milyard dollar.
Yanvarın ortalarında “Netflix” 5 dekabrda razılaşdırılmış 82,7 milyard dolları nağd şəkildə ödəmək niyyətini açıqlamışdı. Razılaşmanın şərtlərinə əsasən, “Warner Bros. Discovery” səhmdarları səhm başına 27,75 dollar almalı idilər. Həmin vaxt “Paramount Skydance”nin təklifi daha az sərfəli hesab olunmuşdu.
Mübarizə dünyanın ən dəyərli media aktivlərindən bəziləri — studiyalar, geniş məzmun kitabxanaları və “Game of Thrones”, “Harry Potter” və “DC Comics” kainatı kimi böyük franşizalar uğrundadır, “Reuters” qeyd edir.