AZ

Kanadada orta məktəbdə silahlı hücumda 10 nəfər ölüb

Britaniya Kolumbiyası əyalətinin Tumbler Ridj şəhərində baş verən atışma ölkədə böyük sarsıntı yaradıb...

Poliqon xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tumbler Ridj şəhərində yerləşən orta məktəbdə silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub. Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən ehtimal olunan hücumçunun da cəsədi aşkar edilib.

CBC News telekanalının polis məlumatlarına istinadla yaydığı xəbərə görə, ölənlərdən altısının meyiti məktəb binasının daxilində tapılıb. Daha bir yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər iki nəfərin cəsədi isə məktəbin yaxınlığında yerləşən yaşayış evində aşkarlanıb və polis onların ölümünün də məktəbdə baş verən silahlı insidentlə əlaqəli olduğunu bildirir.

İlkin ehtimallara əsasən, hücumu törətmiş şəxs hadisədən sonra intihar edib. Rəsmi məlumatlara görə, ölənlərdən əlavə azı 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir və onlar xəstəxanada reanimasiya şəraitində müalicə alırlar.

Hadisədən dərhal sonra məktəbin bütün şagirdləri və əməkdaşları təxliyə olunub, ərazi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları hadisə yerində genişmiqyaslı əməliyyat aparıb. Hazırda istintaq davam edir, hücumun motivləri və başvermə şəraiti araşdırılır.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr