AZ

Milli Məclisin plenar iclası keçirilib



Fevralın 10-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar Kamran Bayramov, Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Nurlan Həsənov, Rizvan Nəbiyev, Qüdrət Həsənquliyev, Fariz İsmayılzadə, Sahib Alıyev, Tural Gəncəliyev çıxış edərək ictimai-siyasi həyatda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.

Deputatlar vurğulayıblar ki, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində Cənubi Qafqazda sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan və Ermənistanın siyasi liderlərinin davamlı təmasları dövlətlərarası normallaşma prosesinin ardıcıl və prinsipial xarakter aldığını göstərir. Qarabağ münaqişəsinə son qoyulması, bölgədə sülhün bərqərar olması, nəqliyyat dəhlizlərinin açılması regiona olan marağı əhəmiyyətli dərəcədə artırıb. Regionda baş verən proseslər beynəlxalq təhlükəsizliyə, enerji marşrutlarına, yeni geosiyasi balansın formalaşmasına təsir göstərir. Bu baxımdan, ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ermənistana və Azərbaycana səfəri regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, Azərbaycanla ABŞ arasında münasibətlərin daha da inkişafına şərait yaradır. Qeyd olunub ki, bu səfəri Azərbaycan və ABŞ prezidentləri arasında ötən il Vaşinqtonda, cari ildə isə Davosda aparılan siyasi dialoqun regionda davamı kimi qiymətləndirmək olar.

Bildirilib ki, Prezident İlham Əliyevin sülh gündəliyinin Prezident Donald Tramp tərəfindən müxtəlif beynəlxalq platformalarda yüksək qiymətləndirilməsi, habelə iki lider arasında mövcud olan etibarlı münasibətlər ikitərəfli siyasi əlaqələrin uğurunu şərtləndirən əsas amillərdəndir. Dövlət başçımızın qətiyyətli, prinsipial, milli maraqlara söykənən siyasəti nəticəsində bu gün Azərbaycan regional və beynəlxalq proseslərin müşahidəçisi yox, oyunun qaydalarını müəyyən edən tərəf kimi çıxış edir.

Çıxışlarda ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərindən ötən müddət ərzində dövlət başçımızın rəhbərliyi ilə əldə edilən uğurlar, o cümlədən müşahidə olunan iqtisadi inkişaf, davamlı sosial islahatlar, sosial müdafiə tədbirlərinin reallaşması, habelə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin, burada vətəndaşların məskunlaşması prosesinin sürətlə davam etdirilməsi barədə söhbət açılıb. Vurğulanıb ki, ölkə Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun etibarlı və güclü dövlətinə çevrilib.

Müzakirələr zamanı gündəmdə olan bir sıra digər məsələlərə də toxunulub. O cümlədən, erməni separatçıları ilə bağlı bu günlərdə Bakıda verilən məhkəmə qərarları barədə səsləndirilən fikirlərdə, bu addım ölkəmizin qanun, nizam və sülh üzərində qurulan gələcək üçün çalışdığının göstəricisi kimi dəyərləndirilib. Bununla yanaşı, deputatlar seçiciləri narahat edən bir sıra məqamlara da münasibət bildiriblər.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasda 12 məsələnin müzakirə olunacağını deyib. O, ilk məsələnin beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı qanun layihəsi olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

Komitə sədri qeyd edib ki, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası bu sahədə cinayətkarlıqla mübarizədə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivəni formalaşdırır. O, bildirib ki, Azərbaycan Respublikası bu Konvensiyanın hazırlanması və qəbul edilməsi prosesində aktiv iştirak edib, çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, 25 oktyabr 2025-ci il tarixində Hanoy şəhərində imzalanmış Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə dair sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılması, həmçinin kibercinayətkarlıqla mübarizə sahəsində anlayışların vahid şəkildə müəyyən edilməsidir.

Bildirilib ki, Konvensiya dövlət suverenliyinə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Sənədə əsasən, xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli edir.

Komitə sədri vurğulayıb ki, Konvensiya bu gün ratifikasiya edildiyi halda Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edə bilər. Bu, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcək.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qanun layihəsi barədə danışarkən qeyd edib ki, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və tətbiqi ilə dövlətlər üçün ümumi hüquqi standartları müəyyən edir.

Bildirilib ki, Konvensiya dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir. Sənəddə institusional potensialın gücləndirilməsi ilə bağlı, ixtisaslaşdırma və təcrübə mübadiləsini təşviq edən mexanizmlər müəyyən edilir.

Komitə sədri Konvensiyanın ratifikasiyasının hüquq-mühafizə orqanlarının fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyini deyib. Qeyd edib ki, sənəd elektron sübutların əldə edilməsi, qorunması, elektron sübutlarla bağlı hüquqi qeyri-müəyyənlikləri aradan qaldırır və transmilli istintaqların effektivliyini artırır.

Arzu Nağıyev sənədin onun rəhbərlik etdiyi komitə tərəfindən müzakirə edildiyini və müsbət rəy verildiyini söyləyib.

Dana sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini açıqlayan komitənin sədr müavini Nigar Arpadarai kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin önəmindən söhbət açıb. Bu baxımdan Azərbaycanın kibercinayətkarlıqla mübarizə sahəsində müxtəlif mexanizmlərə qoşulmasının zəruriliyini qeyd edib. Bildirilib ki, Konvensiyanın ratifikasiyası Azərbaycanın kibercinayətkarlıqla mübarizədə beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirir və bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Tahir Rzayev, deputatlar Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Nizami Səfərov çıxış edərək fikirlərini açıqlayıblar.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin – “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu və sənəddə təklif edilən dəyişikliklərin dəqiqləşdirmə xarakteri daşıdığını deyib. Spiker “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, qanun layihəsinin bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Sonra Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərin mahiyyətini açıqlayıb.

Bildirilib ki, "Təhsil haqqında" Qanunun 14.8-1-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bununla yanaşı, qeyd olunub ki, Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi" Qaydasının 8.2-ci bəndinə əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.

Bunu nəzərə alaraq, yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə "Təhsil haqqında" Qanunun 14.8-1-ci maddəsi yeni redaksiyada təsbit edilir. Dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan burada göstərilən şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Deputat Ceyhun Məmmədov bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra komitə sədri Anar İsgəndərov “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, qeyd edib ki, qanuna bir sıra yeni anlayışların daxil edilməsi təklif olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələyə dair rəhbərlik etdiyi komitə tərəfindən müsbət rəy verildiyini söylədikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Qeyd olunmalıdır ki, elmi araşdırmalar nəticəsində asbestin insan sağlamlığı üçün ciddi təhlükə yaratdığının aşkar edildiyi nəzərə alınaraq, layihədə asbest və tərkibində asbest olan materialların mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilməsi təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Komitə sədri məcəllənin 155-ci maddəsinə minimum əmək haqqının məbləğinin müəyyən edilməsinin dövriliyini nəzərdə tutan yeni müddəanın əlavə edildiyini bildirib. Bununla yanaşı, Məcəllənin 36-cı və 261-ci maddələrinə redaktə xarakterli dəyişikliklərin təklif olunduğunu söyləyib. O, ikinci oxunuş zamanı məsələ ilə bağlı komitəyə əlavə təkliflərin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulımasını xahiş edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətindən danışıb. O, qanun layihəsi barədə birinci oxunuşda geniş məlumat verildiyini deyərək, təklif olunan dəyişikliklərin elektron ticarət sahəsində vergi nəzarətinin gücləndirilməsini, ölkəmizdə keçiriləcək beynəlxalq tədbir çərçivəsində vergi və gömrük güzəştlərinin tətbiqini, dövlət sektorunda mərkəzləşdirilmiş nəzarət mexanizminin və uçot sisteminin təkmilləşdirilməsini əhatə etdiyini xatırladıb.

Komitə sədri, habelə birinci oxunuşda müzakirələr zamanı qanun layihəsinə dair qaldırılan məsələlərə münasibət bildirib. O, qeyd edib ki, sənəddə əksini tapan vergi güzəştləri ölkəmizdə keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhərsalma Forumu çərçivəsində tətbiq olunan müddətli mexanizmdir və Azərbaycan Hökumətinin BMT ilə imzaladığı sazişin müddəalarından irəli gəlir. Nəzərə çatdırılıb ki, Forum çərçivəsində logistika, hüquqi rejim, fiskal mexanizm, inzibati proseduralar və digər bu kimi məsələlər öz həllini tapmalıdır. Habelə bu beynəlxalq tədbir ölkəmizdə turizm, xidmət, nəqliyyat, ictimai-iaşə sektorunu canlandırmaqla iqtisadi dövriyyəni artıracaq.

Vergi-gömrük güzəştləri çərçivəsində hansı malların idxal ediləcəyi və nəzarətin necə olacağı məsələsi ilə bağlı bildirilib ki, azadolma yalnız müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında tətbiq olunacaq. Həmçinin, tədbirin təşkili və icrasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət ediləcəyi qeyd olunub.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Daha sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərdə onkoloji xəstələrə göstərilən tibbi yardımın dövlət onkoloji tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsi ehtiva olunur. Komitə sədri sənədlə bağlı əlavə rəy və təkliflərin daxil olmadığını söyləyərək, onun növbəti dəfə dəstəklənməsini xahiş edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Spiker Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının tələblərinə uyğun olaraq, Cinayət Məcəlləsində "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.

Cinayət-Prosessual Məcəlləsinə edilən əlavələr isə elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir.

Bununla yanaşı, layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləyə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunur. Həmçinin, məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq" sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Onun təklifi ilə həmin layihələrin təqdimatı və müzakirəsi birgə keçirilib.

Layihələr barədə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Gündəliyin doqquzuncu məsələsi olan “Uşaq hüquqları haqqında” qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, mövcud qanundan fərqli olaraq, təqdim olunan layihə, uşaq hüquqlarının reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Bu baxımdan yeni layihə funksional və icraedici normativ akt xarakteri daşıyır.

Yeni layihədə anlayışlar sistemi təsbit olunub. Təqdim olunan qanun layihəsində uşağın üstün mənafeləri prinsipinin tətbiqi qaydaları müəyyən edilib. Bundan başqa, yeni qanun layihəsində uşağa qarşı zorakılıq formalar üzrə təsnif edilir. Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı onu bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın müvafiq reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Eləcə də, layihədə onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir. Yeni layihədə uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Vurğulanıb ki, sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur və uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradır.

Gündəliyin onuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Uşaq hüquqları haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb.

Layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hər iki qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov onuncu məsələ ilə bağlı komitələrinin müsbət rəylərini açıqlayıblar.

Müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev çıxış edərək, məsələ barədə öz fikir və təkliflərini səsləndiriblər.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək layihənin geniş və obyektiv müzakirəsinə görə deputatlara təşəkkürünü bildirib. Komitə sədri qanun layihəsinin hazırlanması prosesində aparılan araşdırmaları, eləcə də müvafiq qurumların və ictimaiyyətin rəy və təkliflərinin nəzərə alındığını diqqətə çatdırıb.

Növbəti məsələ - “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Qeyd edilib ki, qanun layihəsi kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.

Qanun layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub ki, bu dəyişikliklər hüquqi qeyri-müəyyənliyi aradan qaldırır, normanın tətbiqində vahid yanaşmanı təmin edir və beynəlxalq kino hüququnda qəbul olunmuş terminologiya ilə uzlaşır.

Dəyişikliklərdə xarici prodüserlərin Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur, bu istiqamətdə təşviqedici mexanizmlər müəyyən edilir.

Komitə sədri vurğulayıb ki, layihənin qəbul edilməsi nəticəsində Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, Azərbaycan Respublikasının mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.

Deputat Hikmət Məmmədovun məsələ barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək, layihəyə verilən dəstəyə görə deputatlara təşəkkür edib. O, çıxışlarda deputatların səsləndirdiyi fikirlərin və təkliflərin əhəmiyyətini qeyd edib.

Bildirib ki, layihə son illərdə bu sahədə müşahidə olunan yüksək dinamikanın qorunmasına, milli filmlərimizin beynəlxalq səviyyədə təqdim olunmasına, eyni zamanda ölkəmizdə xarici film istehsalının təşviqinə ciddi təkan verəcək.

Gündəliyin sonuncu məsələsi olan “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.

O, bildirib ki, yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsində üç mühüm dəyişiklik təklif olunub.

Birinci dəyişiklik “avtomagistral” anlayışının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlıdır.

İkinci dəyişiklik cərimə meydançaları ilə bağlıdır. Qeyd olunub ki, mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqqın nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanması təklif olunub. Əgər nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati qərar ləğv edilərsə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqq nəqliyyat vasitəsinin sahibinə geri qaytarılır.

Üçüncü mühüm dəyişiklik ödənişli avtomagistrallarda sürət həddi ilə bağlıdır. Belə ki, sənəddə ödənişli avtomagistrallarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur. Kamal Cəfərov bu sürət həddi limitlərinin beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov layihə ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

Deputat Qüdrət Həsənquliyevin məsələ barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Seçilən
3
1
newscenter.az

2Mənbələr