AZ

Məktəbdə kamera qalmaqalı: Valideynlərdən pul yığılır?

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Valideyn məktəbdə təhlükəsizlik kamerasının quraşdırılması üçün pul yığıldığını iddia edib.

Oxu.Az-a şikayət ünvanlayan valideyn bildirib ki, Saleh Poladi adına 159 nömrəli tam orta ümumtəhsil məktəbində təhlükəsizlik kamerasının quraşdırılması ilə bağlı müraciət etdikdə direktor müavini ona "özünüz pul yığın, alın və quraşdırın" cavabını verib.

Valideynin sözlərinə görə, daha əvvəl də həmin məktəbin bir sinfində kamera valideynlərin şəxsi vəsaiti hesabına quraşdırılıb:

"Müəllim sinfi idarə edə bilmir, şagirdləri tez-tez acılayır. Mən problemin müəllimdə olduğunu düşünürəm. Müəllim sinfi idarə etməyi bacarmalıdır. Əgər bacarmırsa, uşaqlar paralel siniflər arasında bölüşdürülməlidir. Bir neçə dəfə sinfə kamera quraşdırılması üçün müraciət etmişəm. Uşağımın dərsdə nə etdiyini görmək istəyirəm - problem övladımdadır, yoxsa müəllimin özündə? Sinifdə kamera yoxdur. Kameraların quraşdırılması üçün yerlər mövcuddur, lakin kamera qoyulmur. Direktor müavininə bu barədə müraciət etdikdə əvvəl də valideynlərdən pul yığılaraq kamera alınıb quraşdırıldığını deyir və bildirir ki, siz də pul yığın, alaq və quraşdıraq".

Bəs məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması valideynlərin məsuliyyətinə daxildirmi?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mövcud normativ sənədlərdə təhsil müəssisələrində təhlükəsizlik kameralarının quraşdırılması məcburi tələb kimi nəzərdə tutulmayıb:

"Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri və şagird yerləri ilə təminat normativləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2012-ci il tarixli qərarı ilə təsdiq edilib. Sözügedən qərarda təhsil müəssisələrində təhlükəsizlik kameralarının quraşdırılması məcburi tələb kimi müəyyən olunmayıb.

Məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi üçün təsdiq edilmiş smetaya uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitlər çərçivəsində həyata keçirilir. Bu proses prioritetlik nəzərə alınmaqla mərhələli şəkildə təmin olunur. Eyni zamanda, təhsil müəssisələrində təhlükəsiz mühitin yaradılması məqsədilə valideynlərdən və ya yerli icmadan təşəbbüs daxil olduğu halda, təhsili idarəetmə orqanları tərəfindən buna etiraz edilmir və qanunvericiliyə uyğun olaraq dəstək göstərilir".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də Oxu.Az-ın sorğusuna cavab verib. Qurumdan bildirilib ki, sözügedən məktəbdə direktor müavini tərəfindən vəsait toplanması ilə bağlı iddialar araşdırılıb:

"Səsləndirilən iddialar təsdiqini tapmayıb.

Araşdırma zamanı bu cür halların yolverilməzliyi müəllim və valideynlərin diqqətinə bir daha çatdırılıb.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
oxu.az

4Mənbələr