AZ

İran ABŞ-yə "qırmızı xətti"ni bildirdi: Vaşinqtonun cavabı nə olacaq?

Əgər bütün sanksiyalar ləğv edilərsə, İran zənginləşdirilmiş uranın payını 60 faizə endirməyi nəzərdən keçirə bilər. 

“Cebheinfo.az”-ın məlumatına görə, İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami belə deyib. 

Jurnalistlərə açıqlamasında İslami bildirib ki, İran və ABŞ arasında gedən danışıqlarda siyasi məsələlərlə yanaşı, texniki və nüvə məsələləri də müzakirə olunur.

O, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını davam etdirdiyini qeyd edib. 

İslami əlavə edib ki, agentliyin 2025-ci ilin iyun ayında təhlükəsizlik tədbirləri altında olan obyektlərə hərbi hücumla əlaqədar yerinə yetirilməmiş öhdəlikləri var. Atom Enerjisi Təşkilatının rəhbəri bildirib ki, əgər İran MAQATE-nin müşahidəsi altındadırsa, Agentlik sertifikatına malikdirsə və Agentliyin etibarlılıq sisteminin bir hissəsidirsə, MAQATE bu hadisəyə səssiz qala bilməz. 

Məhəmməd İslaminin açıqlaması İranın nüvə proqramı ilə bağlı ABŞ ilə fevralın 6-da Omanda aparılmış danışıqların birinci raundunun qapalı qalan tərəflərinə aydınlıq gətirir. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Omanda səfərdə olduğu bir vaxtda Məhəmməd İslaminin söylədiyi fikirlər rəsmi Tehranın müzakirələrdə irəli sürdüyü şərti kimi başa düşülə bilər. 

İslaminin dediklərindən aydın olur ki, molla rejimi İrana tətbiq edilmiş bütün sanksiyaların ləğv edilməsi müqabilində zənginləşdirilmiş uran ehtiyatının həcmini 60 faizə endirməyi təklif edir. Bu isə İranın sanksiyaların qaldırılamsı müqabilində nüvə məsələsində ciddi addım atmaması, yaxud ABŞ-ni  və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi kimi başa düşülə bilər. 

Ümumilikdə, İranın uranı neçə faizə qədər zənginləşdirdiyi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin rəsmi Tehranın 400 kiloqramdan artıq uranın zənginləşdirdilməsinə nail olduğu və müasir tələblərə cavab verən “İR-06” və “İR-07” sentrifuqalarını əldə etdiyi öz təsdiqini tapıb. Bəzi məlumatlara görə, İran uranı 70 faizə qədər zənginləşdirə bilib. Lakin 60 faiz nüvə silahı əldə etmək üçün böyük göstəricidir.  

Fevralın 10-da İran parlamentinin xarici siyasət, danışıqlar və milli müdafiə hazırlığı sahəsindəki son inkişafları müzakirə etmək üçün xarici işlər naziri və silahlı qüvvələrin baş qərargah rəisinin iştirakı ilə keçirilən qapalı iclası Tehran hakimiyyətinin nüvə məsələsində güzəştə getmək niyyətində olmadığını göstərir. 

Qanunvericilər danışıqların güc və nüfuz mövqeyindən aparılmalı olduğunu və İranın nüvə sənayesinin qorunmasının müzakirə olunmayan qırmızı xətt olmalı olduğunu vurğulayıblar. 

İranın xarici işlər naziri Hüseyn Əraqçi və general-mayor Məhəmməd Musəvinin açıqlamalarına istinad edən parlamentin Rəyasət Heyətinin mətbuat katibi Abbas Qudərzi bildirib ki, görüşdə İran İslam Respublikasının heç bir halda uranın sıfır zənginləşdirilməsinə razı olmayacağı vurğulanıb.

Parlament sədri Məhəmməd Bağır Qalibaf diplomatiyanın bu gün mübarizə forması olduğunu bildirib və əlavə edib ki, İran nüvə zənginləşdirməsi və raket potensialı məsələləri də daxil olmaqla, öz prinsiplərindən güzəştə getməyəcək.

Bu da öz növbəsində, parlamentin Oman danışıqlarında İranı təmsil edən Abbas Əraqçiyə təzyiqi və təlimatı kimi başa düşülə bilər. İclasda səslənən bəyanatlar İranın müzakirələrdə güzəştə getmək fikrində olmadığını və daha çox manipulyasiya etdiyini göstərir.  

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr