AZ

Ruben Vardanyan məhkəmədə son söz deyib, hakimlər müşavirəyə gedib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Sədrlik edən xatırladıb ki, keçən məhkəmə prosesində dövlət ittihamçıları çıxış ediblər. Z.Ağayev bildirib ki, indi söz zərərçəkmiş tərəfə veriləcək.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.

Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsinə görə məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib.

Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib.

Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: “Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur”.

Sonra R.Vardanyana söz verilib.

Seçilən
8
45
aznews.az

10Mənbələr