Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Vaşinqton “dialoq”la vaxt qazanır, hərbi əməliyyatlarla Tehranı təzyiq altında saxlayır
Fevralın 6-da İranla ABŞ arasında Omanda nüvə sənədlərinin mübadiləsi istiqamətində keçirilən danışıqlar gözlənilən nəticəni vermədi. Danışıqların dalana dirənməsinin səbəbi, ABŞ lideri Donald Trampın İranın nüvə proqramının məhdudlaşdırılmasını əsas şərt kimi irəli sürməsi oldu.
Rəsmi Tehran isə bu tələbi qəbuledilməz hesab edir. Omandakı görüşdən sonra İranın xarici işlər naziri Abbas Əraqçi açıq şəkildə bəyan etdi ki, uranın zənginləşdirilməsi, İranın haqqıdır. Bununla paralel olaraq, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə əlavə hərbi qüvvələr cəmləşdirməsi, eləcə də İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etməsi vəziyyətin ciddi olduğunu göstərir. Bu addımlar ABŞ-ın danışıqlarla yanaşı, təzyiq mexanizmlərini də işə saldığını ortaya qoyur.
Mövzu ilə əlaqədar politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-ın başçılığı ilə İrana qarşı geniş koalisiya formalaşdırılıb:
“Vaşinqton Amerika imperiyasına təhlükə yaradan amilləri İran üzərindən neytrallaşdırmaq siyasəti yürüdür. ABŞ-ın strateji hədəfi İranda hakimiyyət dəyişikliyinə nail olaraq, ölkəni öz maraqlarına uyğun idarə etməkdir. Bu məqsədlə İranın iqtisadi və sosial sahələrdə zəiflədilməsi, xalqla dövlət arasında etimadsızlığın artırılması və İsrail vasitəsilə Tehrana təzyiq mexanizmlərinin tətbiqi həyata keçirilir. Hazırkı mərhələdə isə ABŞ İranla dialoq mövzusunu gündəmdə saxlamaqla, vaxt qazanmağa çalışır”.
Politoloqun sözlərinə görə, “Yalan üzərində “həqiqət” formalaşdırmaq ABŞ-ın köhnə adətidir:
“Vaxtilə Venesuela prezidenti də “narkotiklə mübarizə” bəhanəsi ilə hakimiyyətdən uzaqlaşdırıldı. Oxşar ssenari İranda da tətbiq olunur. ABŞ uranın zənginləşdirilməsini əsas gətirərək, İranda 12 günlük hərbi əməliyyat keçirdi. Əməliyyatların əsas hədəfi isə İranın strateji obyektlərini məhv etmək idi. Hazırda, ABŞ prezidenti ikili siyasət yürüdür. Bir tərəfdən İranı hərbi zərbələrlə hədələyir, digər tərəfdən isə dialoq adı altında, şərtlərini diktə etməyə çalışır. Məqsəd İranın müttəfiqlərinin nəbzini yoxlamaqdır”.
A.Məsiyev, Çinin İrana böyük həcmdə silah-sursat göndərdiyini bildirib:
“Vaşinqton yaxşı anlayır ki, Çin və Rusiyanın Tehrana hərbi dəstəyi ABŞ-ın İrandakı əməliyyatlarını iflasa uğrada bilər. ABŞ yalnız strateji obyektləri vurmaqla İranı nəzarətə götürə bilməz. Bunun üçün havadan zərbələrlə yanaşı, quru əməliyyatları da aparılmalıdır. Bu isə Amerika üçün fəlakətə çevrilə bilər. ABŞ-ın qarşısında duran üç əsas təhlükə mənbəyi var. İqtisadi gücünə görə Çin, hərbi potensialına görə Rusiya və Avropanın pul vahidi olan avro. Bu kontekstdə İran xüsusi əhəmiyyət daşıyır”.
Politoloq bildirib ki, ABŞ Çini zəiflətmək üçün enerji mənbələrini nəzarət altına almağa çalışır:
“İran neftinin təxminən 70 faizi Çinə satılır. Çin yaxşı anlayır ki, ABŞ İranı nəzarətə götürərsə, neft satışına ciddi məhdudiyyətlər qoyulacaq. Moskvanın da cənub cinah siyasətində əsas tranzit xətti məhz İran üzərindən formalaşır. ABŞ Rusiyanı qlobal miqyasda təcrid etmək üçün cənub cinahını bağlamağa çalışır. Türkiyə də Vaşinqton üçün ciddi təhdid hesab olunur. Çünki Türkiyə sürətlə qlobal gücə çevrilir. Türk dövlətləri fonunda Turan İttifaqının formalaşması ABŞ üçün strateji təhlükə sayılır”.
Aybəniz Səfərova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.