AZ

Prezident İlham Əliyev mürəkkəb şəraitdə uzaqgörən siyasət həyata keçirir - ŞƏRH

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan Cənubi Qafqaza sülh gətirir. Bu sülh elə bir məqama təsadüf edir ki, dünyanın müxtəlif yerlərində münaqişə ocaqları söndürülməyə çalışıldığı halda, əksinə daha da alovlanır. Belə bir şəraitdə proseslər mürəkkəbləşir, müsbət nəticə əldə etmək daha da çətinləşir, siyasətin fərqli üsul və metodlarının tətbiqini zəruri edir. Prezident İlham Əliyev bu mürəkkəb şəraitdə son dərəcə aydın vizyon, praqmatik yanaşma və uzaqgörən siyasət həyata keçirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, illər ərzində ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi Azərbaycan dövlətinin əsas hədəfi olsa da, bununla yanaşı, xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması da dövlətimizin başçısının əsas məqsədlərindən biri olub: "Prezident İlham Əliyev xalqa etdiyi müraciətlərdə dəfələrlə bildirirdi ki, vaxt gələcək həmin cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcəklər. Hər zaman olduğu kimi, verdiyi sözə sadiq qalan dövlətimizin başçısı bu dəfə də buna nail oldu.

Bu gün Azərbaycan elə bir model formalaşdırır ki, həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş dövlət kimi beynəlxalq münasibətlər sistemində fərqlənir, həm də müharibə cinayətləri törədən şəxslərin layiqli cəzalarını almasına nail olur. Bir tərəfdə müharibə və münaqişə ocaqlarının alovlandığı bir dövr, digər tərəfdə Azərbaycanın bu ocağı söndürməsi və paralel olaraq bütün bu prosesləri resurs baxımından təkbaşına həyata keçirməsi, şübhəsiz ki, gözlə görünən və diqqət çəkən amildir. Bu, xalqımız tərəfindən yüksək dəyərləndirilir",- deyə A. Badamov vurğulayıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev illər ərzində bütün platformalarda Azərbaycanın haqq səsini dünyaya çatdırıb, sülhün regiona dayanıqlı əsaslarla gəlməsi üçün ardıcıl səylər göstərib. Baxmayaraq ki, bu məhkəmə prosesləri ilə bağlı Azərbaycana qarşı güclü siyasi təzyiqlər mövcud idi, əsassız ittihamlar irəli sürülürdü, bütün bunlara baxmayaraq, heç biri dövlətimizin başçısını hədəfindən yayındıra bilmədi. Digər bir mühüm məqam isə ondan ibarətdir ki, dünyada bir çox hallarda müharibə və münaqişələr bitsə də, mülki insanlara qarşı cinayətlər törətmiş şəxslər azadlıqda qalırlar. Şübhəsiz ki, bu, natamam həll variantıdır. Azərbaycan isə tam həll modelinə nail olmuş ölkədir.

"Məhkəmədə səsləndirilən ifadələr və təqdim olunan faktlar bir daha onu göstərdi ki, tarixin arxivinə göndərilmiş qondarma rejim Azərbaycan xalqına qarşı bu miqyasda cinayətləri təkbaşına törədə bilməzdi. Şübhəsiz ki, bu cinayətlərin hər biri birbaşa Ermənistan hakimiyyətinin iştirakı ilə həyata keçirilib. Bu baxımdan, Ermənistan dövlətinin məsuliyyət daşıdığı faktı bir daha öz təsdiqini tapdı. Ermənistan təkcə azərbaycanlılara deyil, həm də torpaqlarımıza qarşı cinayətlər törədib. Ermənistanın həyata keçirdiyi urbisid və ekosidlə bağlı da qətiyyətli mövqe nümayiş etdirilməli, effektiv addımlar atılmalıdır. Biz hər zaman güclü olmalı, Ermənistanın və onun havadarlarının əl-qolunun açılmasına imkan verməməli, prosesləri nəzarətdə saxlamalıyıq",- deyə o vurğulayıb.

Seçilən
9
1
azertag.az

2Mənbələr