AZ

Kral III Çarlzdan Şahzadə Endryu və Epşteyn qərarı

Kral III Çarlzdan Şahzadə Endryu və Epşteyn qərarı

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Şahzadə Endryunun Ceffri Epşteyna gizli məlumatlar ötürməsi iddiaları ilə bağlı polis araşdırmasına dəstək verməyə hazır olduğu bildirilir. Bu iddialar ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə dərc etdiyi yeni sənədlərdən sonra yenidən gündəmə gəlib.

İddianın mahiyyəti: ABŞ-da yayımlanan son sənədlərə görə, Endryu Mauntbetten-Vindzorun 2010-cu ildə Epşteyna bəzi "məxfi" materiallar göndərdiyi irəli sürülür.

Hüquqi müraciət: Britaniyadakı monarxiya əleyhdarı "Republic" qrupunun rəhbəri Qreham Smit sözügedən vəziyyətlə bağlı Endryu haqqında "vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət sirrinin yayılması" şübhəsi ilə polisə şikayət edib.

Polis bəyanatı: "Thames Valley" Polisi müraciəti qəbul etdiklərini və məlumatları standart prosedurlar çərçivəsində qiymətləndirdiklərini açıqlayıb.

Bukingem Sarayı: Gərəkərsə, dəstək verərik

Bukingem Sarayının sözçüsü Kral III Çarlzın şahzadə Endryu ilə bağlı ortaya çıxan iddialardan dərin narahatlıq duyduğunu qeyd edib. Açıqlamada polisin tələb edəcəyi təqdirdə sarayın istintaqa dəstək verməyə hazır olduğu vurğulanıb.

Şahzadə Endryu isə Epşteynlə əlaqələri barədə daha əvvəl hər hansı bir günahı olduğunu rədd etmişdi. O, son iddialarla bağlı hələlik yeni bir açıqlama verməyib.

Vəzifə icrası zamanı məlumat paylaşımı iddiası

Sənədlərdə iddia olunur ki, Epşteyn 2010-cu ildə Endryudan onun Asiya səfəri ilə bağlı təfərrüatları istəyib, şahzadə isə ona Vyetnam, Sinqapur və Honq-Konqu əhatə edən qısa proqram göndərib. Səfərdən sonra Endryunun öz məsləhətçisindən aldığı ziyarət hesabatlarını da Epşteynə ötürdüyü irəli sürülür.

Bundan əlavə, 2010-cu ilin dekabr ayına aid bir e-poçtda Əfqanıstanın Helmand bölgəsinin yenidən qurulması ilə bağlı investisiya imkanlarını ehtiva edən məxfi brifinq paylaşıldığı iddia olunur.

Məxfilik öhdəliyi müzakirəsi

Böyük Britaniyada ticarət elçiləri dövlət məmuru statusunda olmasalar da, vəzifə çərçivəsində əldə edilən ticari, siyasi və ya həssas məlumatları qorumaq öhdəliyi daşıyırlar. Parlamentin dərc etdiyi təyinat şərtlərinə görə, bu öhdəlik səlahiyyət müddəti bitdikdən sonra da davam edir və "Rəsmi Sirlər haqqında Qanun"un təsir dairəsinə düşə bilir.

Epşteyn əlaqələri yenidən diqqət mərkəzində

Şahzadə Endryu 2001-ci ildə ticarət elçisi təyin olunmuş, lakin Epşteynlə münasibətlərinə görə artan tənqidlərdən sonra 2011-ci ildə vəzifəsindən ayrılmışdı. O, 2019-cu ildə BBC-yə verdiyi müsahibədə 2010-cu ildə Epşteynlə görüşməsinin məqsədinin münasibətləri tamamilə kəsmək olduğunu demişdi.

Son sənədlərlə birlikdə İngiltərədə Epşteynlə əlaqəli şəxslərə qarşı müzakirələr yenidən alovlanıb. Kensinqton Sarayının sözçüsü isə Uels Şahzadəsi və Şahzadəsinin (Uilyam və Keyt) yeni sənədlərdən dərin narahatlıq duyduğunu bildirib.

Seçilən
18
afn.az

1Mənbələr