AZ

Uşaq bilməlidir ki, bədəni ona məxsusdur

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda azyaşlıya qarşı illərlə davam edən ailədaxili zorakılığın tükürpədici təfərrüatları üzə çıxıb. 11 yaşlı qız uşağının hüquq-mühafizə organlarına etdiyi fərdi müraciət, qapalı qapılar arxasında yaşanan ağır cinayətlərin ifşasına səbəb olub. Yeniyetmənin ifadəsinə görə, o, uzun müddətdir atalığı tərəfindən cinsi istismara məruz qalmaqla yanaşı, həm də anası və atalığı tərəfindən müntəzəm olaraq fiziki işgəncələrə məruz qoyulub. Məlum olub ki, uşağa qarşı tətbiq edilən zorakılıq halları hələ o, 8 yaşında olarkən başlayıb. Faktla bağlı dərhal hərəkətə keçən aidiyyəti dövlət qurumları azyaşlının təhlükəsizliyini təmin edərək onu ixtisaslaşmış sığınacağa yerləşdiriblər. Hazırda uşağın psixoloji və fiziki vəziyyəti mütəxəssislərin nəzarətindədir.Məsələ ilə bağlı Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı Mirsadiq Muxtarov Demokrat.az-a deyib ki, fiziki zorakılıq uşağa qarşı tətbiq olunan və onun bədəninə ağrı, xəsarət və ya zərər yetirən hər cür davranışı əhatə edir:"Məktəbdə aparılan maarifləndirmə zamanı uşaqlara izah edilməlidir ki, heç bir halda fiziki cəza tərbiyə vasitəsi hesab edilə bilməz. Uşaq anlamalıdır ki, onu incidən, qorxudan və ağrı verən davranışlar normal deyil və buna dözmək məcburiyyətində deyil. Fiziki zorakılığa məruz qalan uşaqlar çox zaman qorxu, utanc və günahkarlıq hissi yaşadıqları üçün baş verənləri gizlətməyə çalışırlar, bu isə zorakılığın davam etməsinə şərait yaradır".O bildirib ki, fiziki zorakılığın əlamətləri barədə həm uşaqlar, həm də böyüklər məlumatlandırılmalıdır:"Bədəndə izahı olmayan göyərmələr, tez-tez zədələnmələr, qorxu içində davranışlar, böyüklərlə təmasdan çəkinmə və ya həddindən artıq itaətkarlıq fiziki istismarın göstəriciləri ola bilər. Bu cür əlamətlər müşahidə edildikdə, uşağın təhlükəsizliyi prioritet götürülməli və müvafiq qurumlara, hüquq mühafizə orqanlarına vaxtında məlumat verilməlidir".Psixoloq deyib ki, cinsi istismar da zorkalığın bir başqa növü kimi qeyd edilə bilər:"Uşaqların məruz qaldığı cinsi istismar zamanı isə ilk növbədə uşaqlara yaş səviyyəsinə uyğun, açıq və konkret dillə “bədən toxunulmazlığı” anlayışı izah edilməlidir. Uşaq bilməlidir ki, onun bədəni ona məxsusdur və valideyn, qohum və ya digər şəxslər belə onun istəmədiyi fiziki toxunuşlar edə bilməz. Bu mövzular üstüörtülü yox, aydın şəkildə izah edilməlidir, çünki uşaq nə baş verdiyini adlandıra bilmirsə, onu təhlükə kimi də dərk etməyə bilir. Eyni zamanda uşaqlara təhlükəsiz və təhlükəli toxunuşlar arasındakı fərq izah edilməli, sərhədlərinin önəmi vurğulanmalı, hər hansı davranışın normal olmadığını düşündükləri anda bunu ifadə etmələrinin vacibliyi aşılanmalıdır".Onun sözlərinə görə, əsas məsələ “sirr” anlayışını uşaqda düzgün formalaşdırılmasıdır:"Bəzən uşaqlar onlara zərər vuran halları belə sirr adı altında gizlədə bilirlər. Zorakılığa məruz qalan uşaqlar çox vaxt üçüncü şəxslər tərəfindən “bunu desən ailəndə problemlər olacaq”, “sən günahkarsan”, və ya “heç kim sənə inanmaz” kimi manipulyativ cümlələrlə susdurulurlar. Məktəbdə uşaqlara öyrədilməlidir ki, onları qorxudan, utandıran, ağladan və ya narahat edən davranışlar sirr saxlanmalı deyil, əksinə belə hallarda uşağın məsələni uyğun şəxslərə bildirməsi onun özünü qorumasıdır".Psixoloq qeyd edib ki, uşaqlar təhlükə anında kimə müaciət etməli olduqlarını bilməlidirlər:"Uşaq bilməlidir ki, hər hansısa çətinlik anında məktəb psixoloqu, sinif rəhbəri, müəllimləri və digər hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Əgər uşaq müraciət edəcəyi şəxsin onu qınayacağından, danlayacağından və ya ailəsinə zorla geri göndərəcəyindən qorxursa, o, susmağa üstünlük verəcək. Buna görə də mütəxəssislərin də uşaqlara qarşı empatiya bacarıqları, mühakimə etməyən və gizliliyi qoruyan mövqeyləri ciddi əhəmiyyət kəsb edir.  Qeyd edilənlərə əlavə olaraq, bir çox uşaq polisə və ya digər rəsmi qurumlara müraciət etdikdə günahlandırılacağını, ailəsindən zorla ayrılacağını və ya başına gələnlərə görə günahkar tutulacağını düşünür. Bu qorxular isə uşağı susmağa məcbur edən əsas amillərdən biri olur. Maarifləndirmə zamanı uşaqlara izah edilməlidir ki, hüquq mühafizə orqanlarının əsas məqsədi uşağı qorumaq, onun təhlükəsizliyini təmin etmək və zorakılığın qarşısını almaqdır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr