AZ

Şəhid Xudayarın ən son FOTOSU

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində hərbi-siyasi qələbə ilə yanaşı, xalqın bir amal ətrafında necə səfərbər ola bildiyinin canlı sübutu kimi yadda qaldı.
 
Azərbaycan gəncliyinin fədakarlığı, vətən uğrunda mübarizə itkilərlə müşahidə olundu. Ərazi bütövlüyümüzün bərpası üçün şəhidlər verdik.
 
Onlardan biri də sərhəd qoşunlarının kiçik giziri Xudayar Yusifzadədir.
 
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, Zəngilan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xudayarın son fotosu barədə anası Radə Qurbanova danışır:
 
 
 
"Təqdim etdiyim bu fotolar Xudayarın Zəngilanda çəkilən son görüntüləridir. O, Zəngilanı göstərir və nənəsinə xitab edir: "Ay nənə, nənə…"
 
Deyir ki, "sizin doğma yurdunuza gedəcəyəm, orada gözəl evin-eşiyin var idi deyirdin, baxım görüm nə qalıb, nə var orada…"
 
Demir, döyüşmüşük, deyir "qardaşlarla Zəngilanı almışıq". Nənəsinə oradan kadrlar çəkib göndərir ki, bu da gözəl Zəngilandır.
 
Döyüşün ağırlığını qəsdən dilə gətirmir ki, nənəsi nigaran qalmasın. Zəngilanın azad olunması ərəfəsində isə hər an, hər yerdə təhlükə ola biləcəyini hiss edir. Ona görə də uşaqlara tapşırır ki, bir-birilərindən ayrılmasınlar, hamı bir yerdə olsun.
 
Xudayar ətrafı yoxlamağa gedəndə əsgər yoldaşları möhkəmdən onu səsləyir. Gecə çəkilmiş bu görüntülərdən sonra səhər açılan kimi bölgədə ağır, irimiqyaslı döyüşlər başlayıb. Görüntülərdə əsgərlərin hamısı yorğun vəziyyətdədirlər.
 
Görüntülərdə yer alan ərazilər Zəngilan yolunun üzərində yerləşir. Qara köynəkdə, ağacın yanında çəkilmiş foto onun son görüntüsüdür.
 
Körpünün üzərində çəkilən şəkil də həmin günlərə aiddir. Digər bir fotoda isə Xudayarın formasının üzərində qan izləri görünür. Zəngilanın azad edildiyi günlərdə çəkilən həmin fotolar da Xudayardan qalan son şəkillərdir".
 
Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
 
Əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib. Daha sonra isə döyüşərək xidmətini davam etdirib. O, Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
 
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
 
Xudayar Yusifzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və bərpa edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. O, Zəngilan rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə mükafatlandırılıb. Bununla yanaşı, döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək şəhid olan Xudayar Yusifzadə göstərdiyi igidlik və mərdliyə görə "Cəbrayılın azad olunmasına görə" medalı ilə də təltif edilib.
 
Seçilən
9
5
moderator.az

6Mənbələr