Milli Məclis "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib.Metbuat.az xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub:"Yeni layihə yalnız hüquqları bəyan etmir, onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Burada ilk dəfə anlayışlar sistemi formalaşdırılır. Bu da hüquq tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda qanun layihəsində uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir.Belə ki, hazırkı qanunda bu prinsip mövcud olsa da, onun tətbiqi qaydaları müəyyən edilməyib. Yeni layihədə isə uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Bu, beynəlxalq hüquqda qəbul edilmiş "uşağın üstün marağı " prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir".Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.