"Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta..." - Komitə sədri
"Ölkə əhalisinin yaşa görə statistikası Azərbaycan əhalisinin cavan olduğunu göstərir. 2026-ci ildə 18 yaşadək olan uşaqların sayı 2 milyon 730 min nəfər olub. Rəqəmlər təkcə demoqrafik deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyır. Dövlətimizin uzunmüddətli perspektivdə insan potensialı güclüdür".
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
"Müqayisə üçün Ermənistan əhalisi təxminən 2,95 milyon nəfərdir. 2025-ci ildə doğulan uşaqların sayı 23 min nəfər olub ki, 2024-lə müqayisədə azalma deməkdir. Gürcüstanda 2024-cü ildə 39 min doğulan uşaq qeydə alınıb. Əhalinin 100 nəfərinə düşən uşaqlar (0-18 yaş) 2025 üzrə Azərbaycanda 27 faizini, Ermənistanda 19 faizini, Gürcüstanda isə 20.2 faizini təşkil edir. Göründüyü kimi, əhalinin müvafiq nisbətinə görə Cənubi Qafqazda liderlik Azərbaycana məxsusdur. Xüsusi önəm daşıyan məsələlərdən biri uşaqların asudə vaxtının təşkili ilə bağlıdır. Sorğuların nəticələri göstərir ki, 34.9 faiz uşaqların, məktəbli yeniyetmə və gənclərin formalaşması üçün dərsdənkənar fəaliyyəti yoxdur. Demək olar ki, təqribən hər 3 respondentdən biri əlavə fəaliyyətlə məşğul olmur. Məktəbli respondentlərin müntəzəm qaydada istifadə etdikləri fəaliyyət sahələri dil kursları (14,4 %), olimpiya və digər idman mərkəzləri (7,4 % və 13,4 %), kitabxanalar (11,4 %) və digər sahələrdir. Yaradıcı və şəxsi inkişaf mərkəzlərinə maraq və aktivlik aşağıdır".
Komitə sədri bildirib ki, son hadisədə - "İdrak" liseyindəki olayda müəllimi əvvəlcədən günahkar çıxaranlarla əsla razılaşmaq olmaz: "Çünki müəllim dövlətin sütunudur, millət qurucusudur, onun savadlı gələcəyinin memarıdır. Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz. Silahlı zorakılığa haqq qazandırmaq, onu normalaşdırmaq deməkdir. Bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Siyasi sistemi, qlobal biznes dünyası uşaq hannibalarının hakimiyyəti altında olan sümürgən qüvvələr Azərbaycan dövlətini son 30 ildə insan haqlarını və demokratiyanı pozmaqda günahlandırırdılar. Yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz Makarenko təlimi görmüş müdrik pedaqoqlara yenidən qiymət verək. Yeri gəlmişkən, uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalana bilməyən və psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmlarla təhlil etməliyik".
aia.az