Rusiya Alyaskada keçirilən danışıqlarda "bəzi ərazi güzəştlərinə" hazır olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu güzəştlər Donbasın statusu ilə bağlı olmayıb. Bundan başqa, Rusiya tərəfi Ukrayna silahlı qüvvələrinin sayı ilə bağlı güzəştə gedə bilərdi.
Mənbə iddia edir ki, danışıqlarda ABŞ ilə daha geniş əməkdaşlığın, o cümlədən iqtisadi əməkdaşlığın qurulması vacib şərt olub.
"Rusiya yalnız yerdəki vəziyyət nəzərə alınmaqla, eləcə də ABŞ hakimiyyəti Ukraynaya və Avropa Birliyinə təzyiq göstərərsə danışıqları davam etdirməyə hazırdır", - deyə "Vedomosti" yazıb.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında Alyaskada danışıqlar prezidentlər Vladimir Putin və Donald Trampın iştirakı ilə ötən ilin avqustunda baş tutub.