AZ

Neft çatışmır: Təyyarələr uçmur

Kubada uzun müddətdir davam edən neft ehtiyatlarının azalması səbəbindən beynəlxalq aviaşirkətlərə təqdim olunan yanacaq tədarükünün 1 ay müddətinə dayandırıldığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Kuba hakimiyyəti ABŞ-nin tətbiq etdiyi embarqo və neft ehtiyatlarının azalması fonunda beynəlxalq aviaşirkətlərə göstərilən yanacaq təminatını müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.

Qeyd olunur ki, bu vəziyyət uzun məsafəli uçuşlar həyata keçirən təyyarələri yanacaq doldurmaq üçün digər ölkələrdə texniki dayanacaqlara məcbur edəcək.

Bəzi beynəlxalq aviaşirkətlərə məxsus təyyarələrin Kuba reyslərini dayandırdığı, adada qalan təxminən 3 min sərnişini geri qaytarmaq üçün isə sərnişinsiz reyslər təşkil edəcəyi barədə məlumat verilib.

Baş nazirin müavini Oskar Peres-Oliva dövlət televiziyasına açıqlamasında bildirib ki, görülən tədbirlər ərzaq təminatının və elektrik enerjisi istehsalının davamlılığını qorumaq, eyni zamanda yanacağa qənaəti prioritetə çevirmək və valyuta gətirən iqtisadi fəaliyyətləri saxlamaq məqsədi daşıyır.

Yanacaq böhranı ölkədə bəzi mal və xidmətlərin qiymətlərinin artmasına da səbəb olub. Xüsusilə ərzaq məhsullarının qiymətlərində və taksi haqlarında ciddi artımlar müşahidə olunur.

Kuba Dövlət Şurasının sədri Migel Dias-Kanel fevralın 6-da verdiyi açıqlamada ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi neft blokadasına toxunaraq bildirib: “Keçən ilin dekabr ayından bu yana xaricdən heç bir yanacaq ala bilməmişik. Böyük bir gücün kiçik bir ölkəyə qarşı bu qədər aqressiv və cinayət xarakterli siyasət yürütməsi qınanmalıdır. Bu, bizi tamamilə boğmaq deməkdir. Müqavimət göstərməsək, nə edəcəyik, təslim olacağıq?”

Məlumata görə, Kubanın enerji ehtiyaclarını ödəmək üçün gündəlik təxminən 110 min barel neftə ehtiyacı var. Venesuela isə 2025-ci ildə bunun yalnız təxminən 30 min barelini təmin edə bilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan bütün mallara gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Ağ Ev bu qərarın Kubanın “zərərli fəaliyyət və siyasətlərinə” qarşı ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumaq məqsədi daşıdığını bildirib.

Tramp fevralın 1-də Kuba hakimiyyəti ilə neft tədarükünün tənzimlənməsi ilə bağlı danışıqlara başlandığını açıqlasa da, Kuba tərəfi bu məlumatı təkzib edib.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr