AZ

Romantik pafos, ucuz dramaturgiya ustası olan şairimiz Orxan Saffari yazır…

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Anarın, Kamal Abdullanın Xalq yazıçısı olmağı az deyilmiş kimi, bu fani dünyada Nüsrət Kəsəmənlinin suyunun suyunun suyu olan Vahid Əziz də Xalq şairi adını alıb.

Həqiqətdə isə musiqi sahəsində Miri Yusif necə Xalq artistidirsə, Vahid Əziz də elə şairdir.

Əslində, Vahid Əzizin Xalq şairi olmağı ilə olmamağı arasında heç bir fərq yoxdur. Bu, nə onun yaradıcılığına təsir edən məsələdir, nə də reputasiyasına.

Məsələn, bir çox ortabab şeirlər müəllifi və ortababdan aşağı mövqeyi olan Ramiz Rövşənin Xalq şairi olması söz-söhbət yarada bilmişdi, ancaq Vahid Əziz xalq üçün nə ad alandan sonra bir şey ifadə etdi, nə də ad almamışdan əvvəl edirdi.

Romantik pafos, ucuz dramaturgiya, sən getdin, mən qaldım janrı onun yaradıcılığının əsasını təşkil edir. Adam istəyir, onun şeirlərini oxuyanda ucadan “dartma, yaxam cırıldı” desin. Görsə eşidən yoxdu, qışqırsın.

Ümumiyyətlə, Vahid Əziz şeirlərini adamın ürəyi heç vaxt istəmir. Onun şeirlərini təsadüfən oxuyur və eşidirsən. Məsələn, maşında radio açıq qalanda. Ərinirsən dəyişməyə, deyirsən, əşşi, cəhənnəm.

Onun şeirlərində həmişə nəsə çatmır. Tutaq ki, bir sevgi şeirini oxuyursan, görürsən ki, ayrılıq var, sarsıntı yoxdur, sevgi var, ehtiras yox, faciə var, ancaq kədər yoxdur.

Vahid Əziz şeirləri, əslində, yetişməkdə olan bir şairin yazdıqlarından utandığı şeirlərdir. Adətən, əksər şairlər elə şeirlərdən imtina edir. Ancaq Vahid Əziz digər şairlərin imtina etdiyi, ağlına gələndə yazmadığı şeirləri yazır.

Baxmayaraq ki, Vahid Əziz min ildir şeir yazır, ancaq yadda da məişət qoxulu şeirləri ilə qala bilir. Məsələn, “Mənə yüz il arzulamayın” kimi. Daha dəqiq desək, Vahid Əzizin şeirləri məclisdə iki litrdən sonra, bütün yaxşı şeirlər deyilib bitəndə demək üçündür. Ayıq başla onu oxumaq insanın öz ruhuna təcavüz eləməyidir.

Qəribədir ki, Vahid Əziz sonradan, ömrünün ahıl yaşında, daha dəqiq, Xalq şairi adını alandan sonra parladı. Ona qədər Vahid Əziz adını tutan da yox idi. Çünki Vahid Əziz ədəbiyyat üçün heç nə ifadə etmirdi, heç kimə maraqlı deyildi, sözü-söhbəti yox idi. Sonrası isə bəlli, ucuz sevgi şeirləri ilə qəlblərə yol tapmağa çalışdı.

Fəqət Vahid Əzizin sevgi dünyası daha çox 40 yaşından sonra Rusiyadakı ərindən bezib boşanan, baldızı ilə qırğında olan evdar xanımların xoşuna gələ bilər.

Yox, əgər zövqlü, şarmlı, gözəl və gənc xanımlar da Vahid Əziz dinləyirsə, demək, onların da içində dirsəyinə qədər əlini vannaya salıb “staliçni” qarışdıran Fatma arvad oturub.

Vahid Əzizin ortabab bir şeirdə ortababdan bir pillə yuxarı misra var:

“Nə yollar dağılıb, nə körpü yanıb

Gəlmirsə, deməli, gəlmək istəmir”.

Sözsüz, çox da pis deyil. Ancaq məsələn, dünya ədəbiyyatı bu cür aforizmlərlə aşıb-daşır, yeni heç nə yoxdur.

Məsələn, mənim yadıma Roma stoiki olan Seneka düşür.

Seneka deyir:

“Maneə yoxdursa, gəlmirsə, demək istəmir”.

Bu fikir Qərb ədəbiyyatında min illərdir dövr edir.

Yəni bunlar fərqli formada ifadə olunan, amma eyni mahiyyəti daşıyan klassik ifadələr, obrazlı desək, fahişə sözlərdir.

Bu mənada, Vahid Əziz şair kimi də heç bir yeniliyi olmayan, fərqli fikir deməyən şairdir.

Elə bir şeiri yoxdur ki, konkret nəsə desin, adama toxunsun. O, Azərbaycanda tüğyan eləyən yüzlərlə ortabab şairdən biridir.

Ancaq qəribədir ki, onu sevən insanlar da var. Məsələn, onu sevən insanlardan qəfil soruşsan ki, şair necə olmalıdır, qeyri-ixtiyarı ilk olaraq deyəcək: “Şair xalqın sözü deməli, vətəndaş mövqeyi olmalıdır”.

Fəqət o sevən adamların dediyi heç bir xüsusiyyət Vahid Əzizdə yoxdur, olmayıb və olmayacaq da.

Onun şeirləri bəzən oxunsa, paylaşılsa da, ancaq xatırlanmayan, sonradan heç bir ehtiyac duyulmayan şeirlərdir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr