AZ

ABŞ yenidən İsrailin İudeya və Samariyanı ilhaq etməsinə qarşı olduğunu bəyan edib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ağ Ev ABŞ-ın İsrail tərəfindən İudeya və Samariyanın  (İordan çayının qərb sahili) ilhaqına hələ də qarşı olduğunu təsdiqləyib və bu ərazilərdə sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

Bizimyol.info xəbər verir ki, bəyanat İsrailin təhlükəsizlik kabinetinin, fələstinlilərin gələcək dövlətlərinin bir hissəsi hesab etdikləri İudeya və Samariya bölgələrində Qüdsün nəzarətini genişləndirməyə yönəlmiş tədbirləri təsdiqləməsi fonunda səsləndirilib.

Ağ Evin jurnalistlərə göndərdiyi açıqlamada bildirilib ki, “Prezident Tramp İsrailin İudeya və Samariyanı ilhaq etməsini dəstəkləmədiyini açıq şəkildə ifadə edib”. Açıqlamada qeyd olunur ki, İudeya və Samariyada sabitlik birbaşa İsrailin təhlükəsizliyi ilə bağlıdır və mövcud administrasiyanın regionda sülhə nail olmaq məqsədlərinə uyğundur.

Eyni zamanda ABŞ bəyanatında İsrail hakimiyyəti tərəfindən təsdiqlənmiş tədbirləri birbaşa pisləmir. Tənqidçilərin fikrincə, bu addımlar Oslo razılaşmalarına ziddir və Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə İsrailin inzibati səlahiyyətlərini genişləndirir. Həmçinin ABŞ-ın bu narahatlıqları Baş nazir Benyamin Netanyahunun hökumətinə çatdırıb-çatdırmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, Vaşinqton daha əvvəl də İsrailin məskunlaşma siyasəti ilə bağlı mübahisəli qərarlarına cavab olaraq oxşar, ehtiyatlı mövqe sərgiləyərək İudeya və Samariyada sabitliyə çağırış etmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr