AZ

Xıdır Nəbi bayramı və onun mifoloji qatları



Azərbaycan xalqının minillik yaddaşında qış sadəcə təbiətin donması deyil, həm də bir mənəvi diriliş və ümid dövrüdür. Bu dövrün ən mistik zirvəsi isə fevral ayının onuna (Kiçik Çillənin tən ortasına) təsadüf edən Xıdır Nəbi bayramıdır. Xalq inanclarında Xızır (Xıdır) obrazı təkcə bir peyğəmbər deyil, həm də yaşıllığın hamisi, darda qalanların xilaskarı və əbədi dirilik rəmzidir.

Folklorumuzda Xızır obrazı "abi-həyat" (dirilik suyu) içərək ölməzlik qazanmış müqəddəs bir şəxsiyyət kimi təsvir olunur. O, hər kəsin gözünə görünməz; onu görmək üçün gərək insan lap yaxşı adam olsun, heç kəsi incitməsin. Xızır gah yaşıl geyimli, gah da boz atlı bir nurani kimi darda qalan yolçuların köməyinə yetər. Bu inanc xalqın dilində o qədər kök salıb ki, bu gün də ən ağır anlarda "Xızır köməyin olsun", "Xızır səni dardan qurtarsın", "Xızır səni yolda qoymasın" kimi alqışlar bir növ mənəvi sığınacağa çevrilib. İnsanlar ən əziz varlıqlarına and içəndə "Xızır İlyas haqqı", "Xızıra and olsun" deyərək bu obraza olan məhəbbətlərini ifadə edirlər.
Hətta dünya ədəbiyyatı və İslam tarixi mənbələrində də Xızırın izlərinə rast gəlinir. Əbu Həyyan əl-Əndəlusi onun tarixi şəxsiyyət olduğunu, Ayni isə onun Musa peyğəmbər zamanında yaşadığını qeyd etmişdir. Buxarinin hədislərinə görə, Xızırın əyləşdiyi hər quru yer dərhal çəmənliyə və yaşıllığa çevrilirdi. Bu da onun "yaşıllıq hamisi" statusunu təsdiqləyir.

Azərbaycanda Xızırla bağlı inanclar konkret coğrafi məkanlarla da sıx bağlıdır. Siyəzən rayonundakı Xıdır Zində piri və Beşbarmaq dağı xalqın ən çox ziyarət etdiyi müqəddəs yerlərdəndir. İnanılır ki, Beşbarmaq dağındakı daşlar üzərində Xızırın atının və özünün ayaq izləri qalmışdır. Yolçular bu yerləri xüsusi ehtiramla yad edir, "Xıdır Zində diləyini qəbul etsin" deyərək orada qurbanlar kəsirlər. Dəniz sahilindən dağın zirvəsinə qədər uzanan bu inanclar zənciri Xızırın həm suda, həm də quruda hökmran olduğunun simvoludur.

Xalq arasında, xüsusən də Naxçıvanda bu bayrama hazırlıq bir neçə gün öncədən başlayır. Həyət-baca təmizlənir, aylarla saxlanılan azuqə torbaları açılır. Bayramın ən əsas atributları qovurğa və qovutdur.
Qovurğa: Təmizlənmiş buğda sacda qovrulur və kirkirədə (dəstərdə) çəkilir.
Qovut: Kirkirədən keçən buğdanın narın hissəsi doşab, şirə və ya şəkər tozu ilə qarışdırılır, ovucda sıxılaraq bərkidilir.
Xonça: Hazırlanan qovut xonçanın ortasına qoyulur, ətrafına isə qovrulmuş qarğıdalı, şabalıd, badam, noxud, iydə, kişmiş və digər çərəzlər düzülür.
Bu xonça evin hündür və əlçatmaz bir yerinə qoyulur. İnanca görə, gecə Xızır peyğəmbər gəlib öz payını aparar və ya xonçaya əl basar. Əgər səhər xonçanın üzərində bir iz görülərsə, bu, həmin ailəyə il boyu ruzi-bərəkət yağacağının müjdəsidir.
Bayram günü uşaqlar üçün xüsusi sevinc mənbəyidir. Hava qaralan kimi onlar qapıları döyüb torba atır, "Xıdır payı" istəyirlər. Ev sahibləri uşaqların torbasını Xıdır xonçasındakı çərəzlərlə doldurarlar.

Eyni zamanda, bu bayram ailələr arası bağları da möhkəmləndirir. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə "Xıdır xonçası" aparılır. Bu xonçaların yanına mütləq yundan toxunulmuş isti qış geyimləri qoyulur ki, bu da qışın soyuğunda sevgi və qayğı ilə isinmək deməkdir. Bayram ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas adlarının qoyulması isə həmin uşaqların ömür boyu darda qalmayacağına olan inamın təzahürüdür.

Xalqımız təbiətə canlı bir varlıq kimi yanaşır. Xızırın ehsanlıq üçün əkdiyi tut ağacını kəsmək böyük günah sayılır. Həmçinin, bar verməyən ağacları bu günlərdə "qorxudurlar". Baltanı götürüb ağacı kəsmək istəyən şəxsə başqası zamin durur və deyir: "Kəsmə, Xıdırın nəfəsi bura dəyib, gələn il bar verəcək". Bu, insanın təbiəti oyatmaq üçün etdiyi mənəvi bir təsirdir.

Xıdır Nəbi bayramı sadəcə bir qış mərasimi deyil, o, Novruza gedən yolun ilk dayanacağıdır. Bu bayramdan sonra "yalançı" və "xəbərçi" çərşənbələr gəlir, torpağın, suyun və havanın oyanış prosesi sürətlənir. "Xıdır gəldi, xış gəldi, yay getdi, qış gəldi" deyimi ilə insanlar qışın sərt üzünü geridə qoyduqlarını bəyan edirlər.

Bu qədim bayram bizə öyrədir ki, ən qaranlıq zülmətin (Kiçik Çillənin) daxilində belə bir nur (Xıdırın nəfəsi) gizlənib. Xalqımızın bu zəngin folklor mirasını yaşatmaq, həm tariximizə, həm də gələcəyə olan borcumuzdur. Qoy Xızırın kömək əli həmişə üstünüzdə olsun!

P.S. Xıdır Nəbi həm də daxili təmizlənmədir. Qovutun o bərəkətli qoxusu evlərimizə yayıldıqca, sanki dondurucu qışın buzları təkcə təbiətdə deyil, həm də qəlblərdə əriyir. Bu bayram bizə xatırladır ki, paylaşmaq — bərəkətin ən qısa yoludur. Bir torba qovurğada, bir büküm qovutda min illərin qardaşlıq, qonşuluq və humanizm fəlsəfəsi gizlənib.




Şəmsi Qoca



Seçilən
19
aia.az

1Mənbələr