AZ

Əvvəl həmkəndlisinin övladlarını oğlunun ölümündə günahlandırdı, sonra onu bıçaqladı – QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bəşir Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Füzuli Rayon Məhkəməsinin hökmü “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarına münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.3 və 5.2.2-ci bəndləri tətbiq edilib və o, Füzuli Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzadan azad olunub. Bəşir Ömərov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad olunub.

 

İttiham aktına əsasən, hadisə 12 oktyabr 2024-cü il tarixdə, saat 20:00 radələrində Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən çayxanada qeydə alınıb.

 

Belə ki, Bəşir Ömərov çayxanada həmkəndliləri ilə birlikdə əyləşmiş zərərçəkmiş Nağı Nağıyevin (adı, soyadı şərtidir) övladlarını mərhum oğlunun ölümündə günahlandırıb. O, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxslə mübahisə edib.

 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zamanı Nağının ünvanına nalayiq söyüşlər söyərək qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verib. Sonra Bəşir turist bıçağı ilə zərərçəkmiş şəxsin sol bazu nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə Nağının sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası yetirilib ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.

 

Hadisə zamanı təqsirləndirilən şəxsin hərəkətləri çayxanada olan digər şəxslərin də istirahətini pozub, onların narahatlığına səbəb olub. Beləliklə, o, ictimai yerdə cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən, zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş hesab edilib.

 

Füzuli Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclasında dərhal həbsə alınıb.

 

Kamal Məmmədov

Tarix: 10 Fevral 2026, 09:15   
Seçilən
39
4
pravda.az

5Mənbələr