AZ

Britaniyanın dövlət qulluğunun rəhbəri Starmerlə fikir ayrılığına görə istefa verə bilər

BAKI, 10 fevral. TELEQRAF

Böyük Britaniyanın dövlət mülki qulluğunun rəhbəri və Nazirlər Kabinetinin katibi Kris Vormold baş nazir Kir Starmerlə yaranmış fikir ayrılığı səbəbindən vəzifəsini tərk edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, hazırda Vormold və Starmerin ətrafı dövlət qulluğunun rəhbərinin istefasının şərtləri ilə bağlı danışıqlar aparır. Vormold bu vəzifəyə 2024-cü ilin dekabrında təyin edilib. Xüsusilə, ona Lordlar Palatasında (Britaniya parlamentinin yuxarı palatası) yer təklif oluna bilər. Nəşrin qeyd etdiyinə görə, Starmer Vormoldun dövlət qulluğunda genişmiqyaslı islahat aparmaq istəməməsindən narazı qalıb və bu da tərəflər arasında fikir ayrılığına səbəb olub.

Fevralın 8-də Böyük Britaniya baş nazirinin aparat rəhbəri Morqan Maksuini istefa verib. Buna səbəb pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq etmiş Piter Mandelsonun ABŞ-yə səfir təyin olunması ətrafında yaranmış qalmaqal olub. Fevralın 9-da isə Maksuininin ardınca Starmerin ictimaiyyətlə əlaqələr xidmətinin direktoru Tim Allan vəzifəsini tərk edib. Bundan sonra Britaniya mətbuatında Mandelsonun təyinatına sanksiya vermiş baş nazirin yaxın vaxtlarda dəyişdirilə biləcəyi barədə müzakirələr güclənib.

Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq bildirib ki, 2002–2005-ci illərdə o, Manhettendəki evinə onlarla azyaşlı qızın gətirilməsini təşkil edib, onlardan ən kiçiyinin yaşı 14 olub. Epşteynin dost və tanış çevrəsinə təkcə ABŞ-nin deyil, bir çox digər ölkələrin də hazırkı və keçmiş vəzifəli şəxsləri, iri sahibkarlar və şou-biznes ulduzları daxil olub. ABŞ-də maliyyəçi barəsində cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Seçilən
60
teleqraf.com

1Mənbələr