“Şamaxı” “Qarabağ” üçün “qorxulu yuxu”ya çevrilib.
Premyer Liqanın ilk dövrəsində “Azersun Arena”da baş tutan qarşılaşmadan qol səsi çıxmamışdısa, Azərbaycan kubokundakı duel acı sonluqla nəticələndi.
Ötən həftə kubokun 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində Şamaxıda yerli komandanın qonağı olan “köhlən atlar” meydanı məğlub tərk etdi – 1:2.
Premyer Liqanın 19-cu turu, sırada yenə “Şamaxı”, yenə səfər matçıdır.
Hər iki komandanın bu oyuna olan motivasiyasından danışmağa dəyməz. Ağdamlılar sindroma son qoymaq, şamaxılıların uğurlu seriyanın davamını gətirmək istəyir.
Bölgə təmsilçisinin braziliyalı müdafiəçisi David Santos Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı danışıb:
“Qısa müddətdə iki ağır oyun keçirdik. Şənbə günü “Kəpəz”lə qarşılaşdıq, 5 gündən sonra “Qarabağ”la.
Və növbədə yenə “Qarabağ”dır. Sözsüz, “Qarabağ” bu dəfəki oyunda daha aqressiv və istəkli olacaq.
Çünki çempionatda xal itirmək onlara təhlükə yaradır. İstənilən halda lazımınca hazırlaşıb, oyuna hazır olacağıq. Nəticə barədə indidən nəsə deyə bilmərəm.
Rəqibin adından asılı olmayaraq, meydana qələbə üçün çıxırıq. Məqsədimiz dəyişməyəcək.
Bəzən heç-heçə edə, böyük hesabla uduza bilərik. Lakin bu, heç bir halda bizi hədəfimizdən uzaqlaşdırmır”.
Fevralın 10-da Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 14:30-da başlayacaq.
HƏBİB