ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 9 fevral, Gülay Nəzərova, Vüsal Vidadioğlu, Orxan Kərimov AZƏRTAC
Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Teatrın tarixi simaları” layihəsi çərçivəsində muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Arif Babayevin əziz xatirəsinə həsr olunmuş gecə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə əvvəlcə Arif Babayevin yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, uzun illər teatrın solisti olmuş ustad xanəndə Arif Babayev səsi və ifası ilə milyonların qəlbinə yol tapmış böyük sənətkardır. O, qeyd edib ki, Arif Babayev təkcə görkəmli xanəndə deyil, həm də muğamın dərin bilicisi və kamil ifaçısı olub.
“Ustad xanəndə uzun illər Akademik Opera və Balet Teatrında çalışaraq, milli operalarımızın əksəriyyətində baş rolları ifa edib. Onun “Leyli və Məcnun” operasında yaratdığı Məcnun obrazı Füzulinin təsəvvür etdiyi Məcnun obrazına ən yaxın və ən yadda qalan səhnə təcəssümlərindən biri kimi dəyərləndirilir. Bu obraz illər boyu tamaşaçıların yaddaşında yaşayıb və gələcək nəsillər üçün də nümunədir”, - deyə H.Quliyev qeyd edib.
O, vurğulayıb ki, Arif Babayev, eyni zamanda pedaqoq kimi də muğam sənətinə əvəzsiz töhfələr verib. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan muğam sənətinin aparıcı ifaçıları sırasındadır ki, bu da ustad sənətkarın yaratdığı məktəbin davamlılığının bariz nümunəsidir.
Onun sözlərinə görə, bu gün Arif Babayevin irsi dinlənilir, öyrənilir və gələcək nəsillərə ötürülür. Bu gecə isə onun sənətinə, şəxsiyyətinə və Azərbaycan musiqi mədəniyyətinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiram ifadə olunur.
Ustad xanəndənin xatirəsinə həsr olunmuş gecədə onun sənət məktəbinin davamçıları – Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Gülüstan Əliyeva, İlkin Əhmədov, Cabir Abdullayev, Nuriyyə Hüseynova, eləcə də xanəndə Vüqar Əliyev və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Günel Hacıyeva çıxış ediblər.
Tədbir çərçivəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiya da təqdim olunub. Kompozisiyada Əməkdar artist Elnur Zeynalov və xanəndə Güllü Muradova ifa ediblər.
Solistləri tarda Xalq artisti Elçin Həşimov və kamançada Əməkdar artist Elnur Əhmədovun rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblı, həmçinin Əməkdar artistlər Əliağa Sədiyev və Xəyyam Məmmədov müşayiət edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.