Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranı yandırılıb.
Far.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində baş verib.
Yanğının baş verməsinə ilkin səbəb olaraq iki nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adıçəkilən obyektə tökərək yanğın törədib, ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədənin Cavid adlı şəxs olduğu bildirilir.
Müştərilərin həyatını isə iaşə obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində bir nəfərin ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlum olub. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur.
Qeyd olunub ki, Nazir Qədirli və Cahangir Qədirovun idarəetməsində olan iaşə obyektinə ümumilikdə 120 min manat məbləğində ziyan dəyib. Əlavə olaraq, müştərilərə 20 min manatdan çox maddi ziyan dəydiyi bildirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov hadisə ilə bağlı bildirib ki, qeyd olunan iaşə obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən iki nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.