AZ

Reklam bazarında haqsız rəqabət - Cəza tədbirləri işə yarayır?

Azərbaycanda reklam bazarı son illər sürətlə genişlənməsinə baxmayaraq, qanun pozuntuları hələ də aktualdır. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, ötən il reklam qanunvericiliyinin pozulması ilə bağlı 20 inzibati protokol tərtib edilib. Pozuntular daha çox haqsız və qeyri-dəqiq reklamlar, eləcə də qadağan olunmuş məhsulların təşviqi ilə bağlıdır.

Hakimiyyet.az xəbər verir ki, bəzi sahibkarlar satışını artırmaq reklam bazarında çox vaxt istehlakçını yanıldan, onda fərqli fikirlər formalaşmasına səbəb olan reklam formaları seçirlər. Məsələn, təcrübə göstərir ki, "ən yaxşı”, "ən ucuz”, "tam zəmanətlidir” kimi ifadələr çox vaxt doğru olmur. Bu reklamlar qısa müddətdə satış gətirsə də, uzun müddətdə istehlakçı etimadını azaldır, sahibkarın müştəri inamının itirilməsinə, maddi ziyana səbəb olur, bazarda isə sağlam rəqabəti pozur.

Bundan başqa, hazırda bazarda qadağan olunmuş məhsulların reklamı da ciddi problemlər yaradır. Xüsusilə reseptsiz satılan dərmanlar, estetik və tibbi xidmətlər, alkoqol və tütün məhsulları, həmçinin onlayn mərc və qumar oyunları riskli kateqoriyalar hesab olunur. Sosial şəbəkələrdə nəzarətin çətinliyi bu cür pozuntuların artmasına şərait yaradır.

Rəqəmsal platformalarda ödənişli paylaşımların açıq şəkildə reklam kimi göstərilməməsi isə istehlakçı hüquqlarının pozulmasına yol açır. Ekspertlər bildirir ki, məsuliyyət mexanizmi hələ tam oturuşmayıb. Belə ki, istifadəçi və izləyicilərə məlum olmur ki, həmin reklamın subyekti paylaşımı edən şəxs, yoxsa sifarişçi olur. 

 

Azərbaycanda "Reklam haqqında" qanunvericiliyə edilən dəyişikliklərə əsasən, sosial şəbəkələrdə ("Facebook", "Instagram", "TikTok" və s.) və internet resurslarında ödənişli reklam yerləşdirərkən mütləq şəkildə "Reklam", "Reklam xarakterli" və ya "Sponsored" (ödənişli reklam) qeydləri olunmalıdır. Bu tələb istehlakçıları reklamın təbiəti barədə məlumatlandırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır.  

 

Qanunvericiliyə edilən dəyişikliyin məqsədi isə stifadəçiləri yanlış yönləndirməmək və reklamın xüsusi maliyyələşdirildiyini göstərməkdir. 

Doğrudur, bu pozuntulara görə cərimlər tətbiq edilsə də, bəzən öz faydasını vermir. Çünki kiçik sahibkarlar üçün cərimələr çəkindirici olsa da, böyük şirkətlər üçün bu cərimələr bəzən problem yaratmır, buna görə də qayda pozuntuları təkrar edilə bilər.

Ekspertlər isə reklam bazarında baş verən neqativ halların qarşsını almaq üçün maarifləndirici tədbirlərin artırılmasını, reklam sahəsində işləyənlər üçün hüquqi təlimlərin keçirilməsini və təkrar pozuntular edən sahibkarlar və biznes subyektləri üçün sanksiyaların sərtləşdirilməsini təklif edir. Onlar qeyd edir ki, şəffaf reklam bazarı həm sahibkarlığın inkişafına, həm də istehlakçı hüquqlarının qorunmasına birbaşa təsir edir. (qaynarinfo)

Seçilən
4
2
hakimiyyet.az

3Mənbələr