AZ

Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Dünya elmi hələ də təbiətin bəzi sirlərini tam aça bilmir. Bu sirlərdən biri də Günəşin Yerə baxmayan, yəni görünməyən tərəfidir.

Reyting.az-ın məlumatına görə, “RİA Novosti”yə açıqlama verən tanınmış tədqiqatçı, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun əməkdaşı, Günəş Astronomiyası Laboratoriyasının direktoru Sergey Boqaçov bildirib ki, hazırda Günəşin Yer planetinə baxmayan tərəfini daimi şəkildə müşahidə etmək mümkünsüzdür.

Alimin sözlərinə görə, bunun səbəbi kifayət qədər sadədir: kosmik aparatı uzun müddət Günəş ətrafında həmin sahədə saxlamaq texniki baxımdan mümkün deyil. Bu səbəbdən kosmosda fəaliyyət göstərən bütün peyklər əsasən Yer istiqamətinə baxan zonada yerləşdirilir.

Boqaçov qeyd edib ki, əsas maneə Günəşin arxa tərəfinə keçə bilən və orada uzun müddət fəaliyyət göstərə biləcək kosmik aparat üçün uyğun, sabit orbitlərin mövcud olmamasıdır. Alim vurğulayıb ki, bu mövzu ilə bağlı hələ də çoxlu qaranlıq məqamlar qalır, lakin bəzi məsələlərə müəyyən qədər aydınlıq gətirmək mümkündür.

Astronomun sözlərinə görə, cazibə tarazlığı nöqtələrindən biri olan “L3” Günəşin Yerə əks tərəfində yerləşir və retranslyator olmadan bu nöqtədə yerləşən peyklə əlaqə qurmaq mümkün deyil.

Rusiyalı alim əlavə edib ki, Günəşin arxa tərəfini hətta ən müasir texnologiyalar vasitəsilə belə fasiləsiz müşahidə etmək mümkün olmur. Bu səbəbdən ulduzun görünməyən hissəsi yalnız Günəş ətrafında dövr edən və vaxtaşırı onun arxa tərəfində qalan kosmik aparatların köməyi ilə izlənilir. Əvvəllər bu məqsədlə “Solar Orbiter”, “STEREO-A” və “STEREO-B” peyklərindən istifadə edilsə də, müəyyən müddətdən sonra “STEREO-B” sıradan çıxıb.

Boqaçovun bildirdiyinə görə, son vaxtlar Günəşin arxa tərəfində iri alışmalar daha tez-tez müşahidə olunur. Alimlərin fikrincə, bu hadisələr plazma atılmalarının kifayət qədər yüksəlməsi nəticəsində baş verir və Günəş diskinin kənarından aydın şəkildə görünür. Bununla belə, tədqiqatçılar bu alışmaların dəqiq sinfini hələ də müəyyənləşdirə bilməyiblər.

Məlumata görə, fevralın əvvəlindən bu günədək Günəşdə 30-dan çox güclü alışma qeydə alınıb.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
reyting.az

1Mənbələr