AZ

Mütləq dövlət məmurları, deputatlar narkotik testdən keçirilməlidir Fazil Mustafa

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Yalnız aşağı təbəqədən kuryeri yaxud, bir istifadəçini tutmaqla məsələ həll edilə bilməz"

Narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlar açıq şəkildə hiss olunur. Bu problem artıq tək-tək fərdlərin deyil, bütövlükdə cəmiyyətin gələcəyini təhdid edən ciddi təhlükəyə çevrilib. 

Türkiyə və digər türk dövlətlərində narkomaniyaya qarşı mübarizə çərçivəsində genişmiqyaslı narkotik testləri həyata keçirilir. Xüsusilə ictimai nüfuzu olan şəxslər-siyasətçilər, dövlət məmurları və məşhurlar bu testlərə cəlb olunur. 

Millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında vurğulayıb ki, bu praktika Azərbaycanda da tətbiq olunmalıdır:

"Əgər biz narkomaniyaya qarşı effektiv mübarizə aparmaq istəyiriksə, bu mübarizəni cəmiyyətin alt təbəqələrindən başlamaqla kifayətlənmək düzgün olmaz. Mütləq dövlət məmurları, deputatlar və ya digər yüksək vəzifəli şəxslər də daxil olmaqla bütün insanların bu testdən keçirilməsini təmin etməliyik.

Çünki müəyyən imtiyazlara güvənərək bu fəlakətli vərdişin yayılmasında rolu olan insanlar çox vaxt problemin böyük faciəyə çevrilməsinin səbəbi olurlar. Buna görə də heç kəsə fərq qoymadan proses aparılmalıdır. Yalnız aşağı təbəqədən kuryeri yaxud, bir istifadəçini tutmaqla məsələ həll edilə bilməz. Bu yanaşma cəmiyyəti silkələmək və məsuliyyət daşıyan ayrı-ayrı “toxunulmaz” insanlara da təsir göstərmək üçün vacibdir. Necə ki, Türkiyədə belə bir təcrübə tətbiq olunur, biz də bunu həyata keçirməliyik. Təbii ki, bunu hər kəs müsbət qarşılamaya bilər. Amma narkomaniya artıq böyük faciəyə çevrilməkdədir. Statistikanı bir kənara qoysaq belə çevrəmizdə gördüyümüz hallar, eşitdiyimiz ailələrin faciələri problemin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir.".

Parlamentari ölkə prezidenti yanında narkomaniyaya qarşı mübarizə komissiyasının yaradılmasının vacib olduğunu deyib:

"Ölkə prezidentinin yanında narkomaniyaya qarşı mübarizə komissiyası yaradılmalı və ona geniş səlahiyyətlər verilməlidir. Bu komissiya hüquq-mühafizə orqanları ilə birlikdə prosesi yönləndirməlidir. Əks halda, bu problemi vaxtında həll etməsək, gələcək nəsillərin sıradan çıxmasının şahidi olacağıq. Buna görə də bu sahədə ciddi fəallıq göstərmək və qabaqlayıcı tədbirlər görmək vacibdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
sherg.az

1Mənbələr