AZ

CARTIF CAREC regionunda transsərhəd investisiyalarının genişləndirilməsində həlledici amil ola bilər

Ticarətə və investisiyalara dəstək üzrə Tərəfdaşlıq Sazişi (CARTIF) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) daxil olan ölkələrdə transsərhəd investisiyaların genişləndirilməsi üçün mühüm katalizatora çevrilə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının saytında dərc olunan məqalədə bildirilir.

"CARTIF üzrə danışıqların 2026-cı ilin əvvəlində başlanması planlaşdırılır. Danışıqların uğurla aparılması üçün CAREC ölkələri hökumətlərinin fəal iştirakı, eləcə də özəl sektor və inkişaf üzrə tərəfdaşlar daxil olmaqla əsas maraqlı tərəflərin dəstəyi son dərəcə vacibdir",-deyə məqalədə qeyd olunur.

Məqalədə vurğulanır ki, CARTIF uğurla başa çatdırılaraq qüvvəyə minərsə, saziş CAREC regionunda transsərhəd ticarət və investisiyaların inkişafı üçün mühüm alətə çevrilə bilər:

"Bu, regional əlavə dəyər zəncirlərinin formalaşmasına, istehsal şəbəkələrinin genişlənməsinə, iqtisadi şaxələndirməyə və region ölkələrinin ümumi rifahının artırılmasına töhfə verəcək".

Xatırladaq ki, 20 noyabr 2025-ci ildə CAREC-in 24-cü nazirlər konfransında CARTIF üzrə danışıqları rəsmi olaraq işə salan Bişkek Bəyannaməsi qəbul edilib. Bu addım CAREC ölkələrinin ticarət və investisiyalar sahəsində regional iqtisadi əməkdaşlıq və inteqrasiyanın təşviqi istiqamətində səylərində mühüm mərhələ olub.

CARTIF CAREC proqramı çərçivəsində iyirmi ildən artıq əməkdaşlığa, o cümlədən "CAREC Strategy 2030" və "CAREC Integrated Trade Agenda 2030" sənədlərində əks olunan nailiyyətlərə, eləcə də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması üzrə Sazişi kimi beynəlxalq saziş və konvensiyaların icrasına əsaslanır. Sazişin məqsədi transsərhəd ticarət və investisiyaların asanlaşdırılması üçün inklüziv, şəffaf və çevik regional iqtisadi tərəfdaşlıq yaratmaqdır.

CARTIF-in özəlliyi ondan ibarətdir ki, o, "WTO-plus" elementlərini - Ümumdünya Ticarət Təşkilatının (ÜTT) artıq mövcud olan sazişləri çərçivəsində genişləndirilmiş əməkdaşlığı (ticarətin asanlaşdırılması, sanitariya və fitosanitar tədbirlər, texniki maneələr, xidmətlər ticarəti və s.) və "WTO-extra" elementlərini - mövcud ÜTT sazişləri ilə tam əhatə olunmayan investisiyaların təşviqi, rəqəmsal ticarət və təchizat zəncirlərinin inteqrasiyası kimi mövzuları - birləşdirir.

CARTIF həmçinin çevik, modul struktur nəzərdə tutur: əsas çərçivə sazişi ilkin protokollarla birlikdə bütün iştirakçılar üçün vahid öhdəliklər toplusunu formalaşdırır, əlavə protokollar isə daha sonra razılaşdırıla bilər ki, bu da ölkələrin milli prioritetləri və hazırlıq səviyyəsindən asılı olaraq əməkdaşlığın mərhələli şəkildə dərinləşdirilməsinə imkan yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
1
olaylar.az

2Mənbələr