AZ

Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu - ŞƏRH » AzadMedia.az



Rusiya əmək bazarında işçi qıtlığı yaranıb. Ona görə dövlət rəsmilərinin xaricə səfərləri zamanı miqrantları ölkəyə cəlb etmək gündəlikdə olan əsas məsələlərdəndir.

Yayılan məlumatlara əsasən, Rusiya Cənubi Asiya ölkələrindən - Hindistan, Banqladeş, Şri-Lanka, Myanma və başqalarından əmək miqrantları cəlb etməyə çalışır. Bununla əmək bazarında yaranan işçi çatışmazlığını kompensasiya etmək hədəflənir.

Rusiyanın "İntrud" kadr agentliyinin əməliyyat direktoru Yelena Velyayeva "Bloomberg"ə müsahibəsində əmək bazarında əsl tektonik dəyişiklik müşahidə etdiklərini deyib. O, hədəflərində təkcə Hindistan, Şri-Lanka və Myanma deyil, coğrafiyanı daha da genişləndirməyi planladıqlarını vurğulayıb.

Bu problem Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrında Hindistana səfəri zamanı müzakirə edilən əsas mövzulardan biri olub. Onda tərəflər arasında müvəqqəti əmək miqrasiyası prosedurlarının sadələşdirilməsi haqqında saziş imzalamışdı.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu il fevralın 2-də Myanmaya səfəri zamanı da miqrant cəlb edilməsi məsələsini müzakirə edib. Rəsmi məlumatlara əsasən, səfər çərçivəsində milli və regional təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq, xüsusi xidmətlər, Ədliyyə Nazirliyi və Rusiya qvardiya, iqtisadi-ticarət sahələrində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Məlumatlara görə, 2021-ci ildə Rusiyada Hindistan vətəndaşlarına verilən iş icazələrinin sayı 5000 təşkil etdiyi halda, 2024-cü ildə bi göstərici 56 mindən çox olub. Ümumilikdə, 2025-ci ildə xaricilərə 240 mindən çox iş icazəsi verilib. Bu, 2017-ci ildən indiyədək maksimum göstərici sayılır. Artım təkcə keçmiş SSRİ ölkələrinin vətəndaşları üzrə deyil, həm də daha uzaq dövlətlərdən - Hindistan, Banqladeş, Şri-Lanka və Çindən gələn miqrantlar hesabına qeydə alınıb.

Rusiyada əcnəbi işçilər tikinti, ictimai iaşə, təmizlik, şəhərlərdə müxtəlif xidmət sahələrinə cəlb olunurlar. Hindistandan olan əmək miqrantları 2025-ci ilin dekabrında Sankt-Peterburqda küçələrin təmizlənməsi üçün süpürgəçi kimi işə çıxıblar.

Rusiya KİV-in yaydığı məlumata əsasən, ölkədə ixtisaslı hind qaynaqçı, dərzi, dülgər və armaturçulara tələbat artır. Hindistandan kənardakı kadr agentlikləri son illərdə hind işçilərə tələbatın 60 faizdən çox artdığını qeyd ediblər.

2025-ci ilin sonunda Moskva şəhər meri Sergey Sobyanin bildirmişdi ki, təkcə paytaxtda əmək resursları çatışmazlığının kompensasiyası üçün 400-500 min nəfərə ehtiyac var. Dekabrın əvvəlində o, kadr çatışmazlığının paytaxt iqtisadiyyatının bütün sektorlarında müşahidə olunduğunu vurğulamışdı.

Rusiya iqtisadi cəhətdən zəif ölkələrə üz tutaraq əmək miqrantlarını cəlb etməyə, onları "ovlamağa" çalışır.

Bu il fevralın əvvəlində Moskva və Kabul arasında da Əfqanıstandan əmək miqrantlarının cəlb edilməsi məsələsi müzakirə olunub. "Taliban" hökuməti defisit sahələr üzrə ixtisaslı kadrları Rusiyaya göndərməyə hazırlaşır. Hökumətin Rusiyadakı səfiri Gül Həsən bildirib ki, Rusiyaya əmək miqrasiyası məsələsində iki ölkə arasında artıq danışıqlar keçirilib və müsbət nəticələrin əldə edilməsinə ümid üçün əsaslar var.

Rusiya rəsmiləri bildiriblər ki, 2024-cü il üzrə ölkədə 1,5 milyon yüksəkixtisaslı kadr çatışmazlığı qeydə alınıb. Bura tikinti və nəqliyyat, kommunal təsərrüfat sahələri daxildir. Əmək Nazirliyi 2030-cu ilə qədər ölkədə kadr defisitinin 3,1 milyon nəfər səviyyəsində olacağını proqnozlaşdırır.

Rusiyanın Əmək Nazirliyi 2025-ci ildə ixtisaslı xarici işçilərin cəlb edilməsi üçün kvotanı 1,5 dəfə artıraraq 234 min 900 nəfərə çatdırmağı təklif edirdi.

Nazirlik işəgötürənlərin sorğularına uyğun olaraq hər il viza rejimi olan ölkələrdən gələn mütəxəssislərə iş icazəsi verilməsi üçün kvota müəyyən edir. 2023-cü ildə bu, 123 min 95 nəfər təşkil edirdi, 2024-cü ildə 155 min 900 nəfər, 2025-ci ildə isə 234 min 960 nəfərə qaldırılmışdı. Bu il onların sayının daha çox olacağı istisna edilmir.

Rusiyanın demoqrafik vəziyyəti əhalinin davamlı azalması, doğum sayının aşağı düşməsi (zəruri 2,1 əvəzinə, 1,4–1,45 məcmu doğum əmsalı), cəmiyyətin qocalması ilə xarakterizə olunur. 2025-ci ilin əvvəlinə əhalinin sayı təqribən 146 milyon nəfər təşkil edib. Bu zaman ölüm doğumu üstələyir.

Ukraynadakı müharibə, siyasi, sosial və mədəni, repressiyaların artması səbəbindən ötən illərdə Rusiyadan köçənlər də artıb.

2024-cü ilin ortalarına olan məlumata görə, təxminən 9,1 milyon Rusiya vətəndaşı ölkədən kənarda yaşayır. Son 20 il ərzində müxtəlif qiymətləndirmələrə əsasən, ölkəni 5 milyon nəfərədək insan tərk edib. 2022-ci ildə Ukrayna ilə müharibəyə balayandan sonra Rusiyadan daha 650-700 min nəfər köçüb. Bu istiqamətdə gerçək rəqəmlərin daha böyük olduğu istisna edilmir. Çünki ölkəni qanunsuz yollarla tərk edənlər də var.

2024-cü ildə 1 milyon 220 min körpə doğulub, 1 milyon 700 mindən çox insan isə ölüb. Bu da təqribən 500 min nəfərlik təbii azalmaya gətirib çıxarıb.

Proqnozlara görə, 2033-cü ilə qədər yaşlı insanların sayı uşaq və yeniyetmələrdən 30%-dən də çox olacaq. Bu isə sosial sistemin yükünün artması deməkdir.

Bu kimi hallar Rusiya əmək ehtiyatlarının azalmasına, məktəb məzunlarının sayının düşməsinə və uzunmüddətli iqtisadi risklərin artmasına gətirib çıxarır.

Rusiya mühacir məsələsini yerli amilləri nəzərə almadan həll etməyə çalışıb. SSRİ dağılandan sonra onun varisi Mərkəzi Asiya və Cənubi Qafqazdan keçmiş müttəfiq respublikaların vətəndaşına, habelə, Dağıstan, Çeçenistan və rus olmayan başqa milli respublikalardan olan sakinlərə qarşı ayrı-seçkilik etməyə başladı. Moskva və təhlükəsizlik qurumları onları "qırxıqbaş" neofaşistlərin əli ilə sıxışdırır, aşağılayır, "Rusiya ruslar üçündür!" şüarı ilə təzyiqlər göstərir, diaspor nümayəndələrinə təsir edirdilər. Onlar miqrantları təhqir edir, insanlıqdan uzaq münasibət göstərir, mənsub olduqları etnosa təhqiredici ifadələr işlədərək aşağılayırdılar.

2025-ci ilin sentyabrından Rusiyada miqrasiya ilə bağlı yeni qanun qəbul edilib. Həmin sənədə əsasən, miqrantlar iaşə, nəqliyyat, tikinti sahələrində çalışa bilməz. 2026-cı ildən miqrantların taksi, ticarət və uşaq bağçalarında işləməsinə qadağalar tətbiq edilir, həmçinin müvəqqəti yaşayış icazəsinin alınması və uşaqların məktəblərə qəbulu qaydaları çətinləşdirilib.

Yerli sakinlər üçün hakimiyyətin həyata keçirdiyi müxtəlif həvəsləndirici layihələr isə hələ öz səmərəsinin vermir. Əksinə, proqnozlara görə, Rusiyada əhalinin sayı 2100-cü ilə qədər 110–137 milyona qədər düşə bilər.

Rusiya əmək miqrantı və başqa ad altında Cənubi Asiya, Afrika, hətta latın Amerikası ölkələrindən Ukraynda müharibə üçün canlı qüvvə cəmləyir. Rusiya rəhbərliyi ölkələri qapı-qapı gəzib adam yığmağa başlayıb. Belə ehtimal etmək olar ki, Rusiya Hindistan, Şri-Lanka, Myanma, Şimali Koreya və başqa ölkələrdən topladığı, cəlb etdiyi "əmək miqrantlarını" tikinti, yenidənqurma adı altında işğal etdiyi Ukrayna torpaqlarına yerləşdirəcək. Çünki həmin ərazilər boş olduğundan Rusiya oralara tam nəzarət imkanından məhrumdur.

Ötən il Şimali Koreyadan 5 000 yaxın hərbçi Rusiya tərəfdən döyüşmək üçün Ukraynaya yerləşdirilmişdi. Əsir düşmüş koreyalı əsgər bildirmişdi ki, onlara tikinti sektorunda işləyəcəklərini demişdilər. O, müharibədə iştirakı ilə bağlı öncədən bir söz deyilmədiyini qeyd etmişdi.

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Ukraynada döyüşmək üçün Kremlə əsgər verdiyi üçün təşəkkür etmişdi.

Məlumatlara əsasən, ötən ilin ilk yarısında 600-ə yaxın koreyalı əsgər Ukrayna torpaqlarında ölüb. Kursk vilayətinin Ukraynadan geri alınmasında da Şimali Koreya hərbçilərinin əvəzsiz rolu olduğu bildirilib. Hətta, Rusiyanın Baş keşişi Kirill belə miqrantların Ukraynadakı müharibəyə cəlb edilməsini təşviq edib.

Müharibədə canlı qüvvə çatışmazlığından RF miqrantlar qarşısında vətəndaşlığı qəbul edib Ukraynada apardığı müharibədə döyüşə getməsi şərtini qoyur. Əks halda, onu şərləyir, işgəncə verir, ən yaxşı halda, ölkədən deportasiya edirlər.

Rusiyada bu onilliyin axırınadək 11 milyon işçi qüvvəsinə ehtiyac var. Bəs Ukraynada əldə etdiyi "nailiyyəti", işğal etdiyi Ukrayna torpaqlarını əldə saxlamaq üçün nə qədər "əmək miqrantı" - döyüşçü lazımdır?

Bu gün Rusiya Ukraynada heç bir uğur əldə edə bilmir. Moskvanın hədəfi Ukraynanı tamamilə işğal edib Kiyevdə öz rejimini qurmaq olub. Ancaq ələ keçirdiyi torpaqların bataqlığında qalıb. Çünki canlı qüvvə çatmır. Hər gün dinc ukraynalıların başına raket yağdırmaq, uşaqları, qocaları, bir sözlə, mülki sakinləri qışın şaxtasında istilikdən məhrum etməklə Rusiya hədəfinə çata bilmir.

RF iqtisadiyyatında eniş isə ona yeni çətinliklər yaşadacaq. Məlumata görə, onun neft və qazdan əldə etdiyi gəlirlər bu ilin yanvarında 2025-ci ilin eyni ayı ilə müqayisədə iki dəfə azalaraq 5,1 milyard dollar təşkil edib. "Reuters" bildirib ki, bu, 2020-ci ilin iyulundan bəri ən aşağı göstərici sayılır.

Azalma neftin daha aşağı qiymətləri və rublun möhkəmlənməsi ilə şərtlənir. Neft-qaz gəlirləri Kreml üçün əsas daxilolma mənbəyidir və federal büdcə gəlirlərinin, demək olar ki, dörddə birini təmin edir, bu gəlirlər isə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yüksək müdafiə və təhlükəsizlik xərcləri səbəbindən əhəmiyyətli dərəcədə tükənib. Proqnozlara görə, bu il büdcə neft və qaz satışından 116 milyard dollar alacaq.

Sanksiyalara görə, o, neftini "qara bazara" kölgə donanması vasitəsilə çıxarırdı. Son zamanlar ABŞ-nin bu istiqamətdə həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiyanın bu "bazarı" da bağlanır.

Hindistan Rusiya neftindən imtina etməyə başlayıb. O, ABŞ ilə bu istiqamətdə artıq anlaşır. Məlumata görə, bu ölkənin neftayırma zavodları Rusiya neftini almağı dayandırmaqla yanaşı, uzun vədədə onu bərpa etməyi planlaşdırmır. Bu addımın ABŞ ilə ticarət sövdələşməsinin bağlanmasına yönəldiyi bildirilib.

Fevralın 6-da ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft idxalına görə Hindistan mallarına tətbiq etdiyi əlavə 25 faizlik rüsumları ləğv edib.

Hindistan Sahil Mühafizəsi ötən gün neftlə qanunsuz əməliyyatlara cəlb olunmuş üç neft tankerinin saxlanıldığını bildirib.

Beləliklə, Rusiya dalana dirənir. Ölkədə işçi qüvvəsinin, ixtisaslı fəhlələrin, hərbçinin, əsgərin çatışmazlığı, neft bazarlarının bağlanması, müharibənin, ölkə iqtisadiyyatının miqrantların ümidinə qalması Rusiya hakimiyyətinin təbliğ etdiyi "rus patriotizmi"ni süquta aparır. Rusiya neofaşistlərinin artıq prinsipə çevrilmiş "Rusiya ruslar üçün!" şüarı nəticə etibarı ilə hindistanlı mühacirlərin xeyrinə işləyir. Qafqazdan, Orta Asiyadan olan miqrantların yerini çinlilər tuta bilmədiyi kimi, onları cənubi asiyalılar, afrikalılar, yaxud latın amerikalılar da əvəzləyə bilməyəcəklər. Bu, Rusiyanın "qırxıqbaş" siyasətinin nəticəsidir.(Report)
Seçilən
22
1
azadmedia.az

2Mənbələr