AZ

“Azərbaycanın siyasəti bölgədə sabitlik yaradıb” - Azad Məsiyev

"Cənubi Qafqaz coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu bir məkandır. Ümumilikdə Cənubi Qafqaz uğrunda qlobal güclər arasında rəqabət mövcuddur. Dünyada supergüclər arasında həm iqtisadi, həm siyasi, həm də hərbi müstəvidə açıq və gizli qarşıdurma gedir. Bu qarşıdurmanın birinci episentri Ukraynadadırsa, ikinci episentri Cənubi Qafqazdır. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi situasiya formalaşıb. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu gün region qlobal güclərin maraq dairəsindədir. Yeni situasiya ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində bölgədə müəyyən sabitlik formalaşıb. Bu sabitlik fonunda həm regional, həm də geosiyasi baxımdan maraqların uzlaşması üçün şərait yaranır. Bildiyiniz kimi, avqustun 8-də Ermənistan, Azərbaycan və ABŞ rəhbərləri səviyyəsində görüş keçirilib. Bu görüş nəticəsində ABŞ-nin regiondakı maraq dairəsi daha aydın şəkildə ortaya çıxıb. ABŞ-da Trampın hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazda iqtisadi maraqlar üzərində siyasət yürüdülməyə başlanılıb. Trampdan əvvəl isə Bayden administrasiyası Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışırdı ki, bu da gərginliyə səbəb olurdu".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, ABŞ vitse-prezidentinin fevralın 9-11-də Azərbaycan və Ermənistana planlaşdırılan səfəri Cənubi Qafqazda siyasi proseslərin yeni mərhələyə keçə biləcəyinə işarədir. Səfər regionda sülh və təhlükəsizlik gündəliyini fəallaşdıra, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və regional kommunikasiyaların açılmasını sürətləndirə bilər. ABŞ administrasiyasının artan diqqəti səfərin yalnız diplomatik jest deyil, həm də siyasi mesajlarla müşayiət olunacağını göstərir.

Siyasi şərhçi bildirib ki, Tramp Cənubi Qafqazda daha çox iqtisadi maraqlara yönəlmiş siyasət həyata keçirir.

Seçilən
30
aznews.az

1Mənbələr