AZ

Qadınların ehtiyatlı olması önəmlidir!  Mehriban Zeynalova

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Bütün bu cəlbedici elanların arxasında insan alveri təhlükəsi olduqca böyük görünür"

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xarici ölkələrdə iş, təhsil elanlarına diqqətli yanaşmağı tövsiyə edib. DİN mətbuat xidmətinin məlumatında bildirilir ki, yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi vədi ilə təkliflər cəlbedici görünsə də, araşdırmalar son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlindiyini göstərir. Bildirilir ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bu kimi hallardan qorunmaq vətəndaşlar xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala bilərlər. Həmçinin, təklif gələn ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə, iş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə, bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərlər. Məlumatda bildirilir ki, ehtiyat tədbirləri bununla da bitmir: “Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz”. 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, xəbərdarlıqların daha çox daxili bazara yönəldilməsinə ehtiyac var: 

- İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası belə bir monitorinq həyata keçirmişdi. Bu, iş elanlarına dair idi. Son zamanlar belə elanların sayı çoxalıb. Lakin bu tendensiya hələ ki ölkə daxilində daha çox diqqəti cəlb edir. Ölkə xaricinə dəvətlər isə daha çox təhsillə bağlıdır. Belə hallarda daha çox zərərçəkmişin aşkarlanması məsələnin aktuallaşdığını göstərə bilər. Xarici ölkələrə kütləvi iş elanı ilə bağlı kifayət qədər mənbələr hələ əldə edə bilməmişik. Bəzi hallarda hələ də bu tanışlar və dostlar vasitəsilə mümkündür, bu isə latent (gizli) qalır. Hesab edirəm ki, daxili auditoriyaya bu səpkili mesajlar çoxalmalıdır. Daxili bazarda belə elanlar çoxdur, bunun qarşısını almaq üçünsə xəbərdarlıq mesajları genişmiqyaslı olmalıdır. İndiki halda rəqəmsal təhlükələri də nəzərə alaraq xəbərdarlıqlar daha çox daxili bazara yönəlməlidir. Ümumiyyətlə xəbərdarlıqlar elə standartda hazırlanmalıdır ki fərq etməz, daxili və ya xarici, hər iki sferanı özündə əks etdirə bilsin. 

M.Zeynalova qeyd etdi ki, o cümlədən qadınların ehtiyatlı olması önəmlidir: 

- Bir çox iş yerləri üçün hələ də görkəm, yaş həddi qabardılır, təhsilin önəminin olmaması xüsusi vurğulanır. Bütün bu cəlbedici elanların arxasında isə insan alveri təhlükəsi olduqca böyük görünür. Quru yollar bağlı, təyyarə biletləri isə baha olduğu üçün bu ehtimalların ölkə daxilinə daha çox yönəlməsi riski qeyd edilməlidir. Yəni, xaricə səfərləri təşkil etməyin maddi zərərərini nəzərə alaraq insan alverini daxili bazarda aparmağa üstünlük verilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
sherg.az

1Mənbələr