AZ

Bakı Tehran və Vaşinqton arasında diplomatik körpü rolunda:Yeni vasitəçilik missiyası? – ÖZƏL

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətinin    Bakıya  səfəri  mövcud geosiyasi gərginlik və ölkəsinə hücum təhlükəsi fonunda  diqqət çəkib.

Bəs Bakı bu gərginlikdə Tehran və Vaşinqton (həmçinin İsrail) arasında gizli bir diplomatik körpü və ya vasitəçi rolunu oynaya bilərmi?

"Bakı regionda hər hansı mürəkkəb vəziyyət və ya münaqişə yaranan zaman onun həlli üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çalışır. Əgər Azərbaycanın vasitəçilik roluna ehtiyac yaranarsa, rəsmi Bakı bu missiyanı üzərinə götürməyə hər zaman hazırdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, biz bunu daha əvvəl Türkiyə-İsrail münasibətləri kontekstində də görmüşük. Həmin prosesdə Bakının nə qədər mühüm və effektiv diplomatik rol oynadığı hər kəsə məlumdur. Bununla belə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də qeyd etdiyi kimi, hazırda Bakıya bu istiqamətdə rəsmi müraciət olunmayıb. Ancaq belə bir ehtiyac yaranarsa, Azərbaycan sözsüz ki, körpü və vasitəçi rolunu oynaya bilər. Bakı ilə təmasların həm İran, həm də ABŞ üçün özünəməxsus əhəmiyyəti var. Burada hər tərəfin öz maraqları və məqsədləri mövcuddur. İran tam əmin olmaq istəyir ki, Azərbaycan tərəfindən ona qarşı heç bir təhlükə olmayacaq. Azərbaycan isə bunu dəfələrlə açıq şəkildə bəyan edib. Hətta yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında telefon danışığı da baş tutub və həmin söhbətdə Azərbaycan tərəfi bir daha vurğulayıb ki, ölkəmiz heç vaxt öz ərazisinin üçüncü dövlətlər tərəfindən İrana qarşı istifadəsinə imkan verməyib və bundan sonra da verməyəcək. Bu təminat ən yüksək səviyyədə təqdim olunub. Azərbaycan yaxşı anlayır ki, İranda baş verə biləcək hər hansı müharibə və ya genişmiqyaslı qarşıdurma regionda ciddi təhlükəsizlik problemləri yarada, bütün bölgəni risk altına sala bilər. Məhz buna görə də Azərbaycan belə bir münaqişənin baş verməsində maraqlı deyil və heç bir halda öz ərazisinin qonşu ölkələrə qarşı istifadəsinə icazə verməyəcək. Azərbaycan tam müstəqil siyasət yürüdən, öz milli maraqlarını əsas götürən dövlətdir.

"ABŞ rəsmilərinin Bakıya səfərlərinə gəlincə, burada əsas məqsəd sülh danışıqlarının irəli aparılması, mərhələli və praktiki addımların atılmasıdır. Xüsusilə ABŞ-nin vitse-prezidentinin iştirakı bu prosesin əhəmiyyətini göstərir. Şübhəsiz ki, bu görüşlərdə ABŞ-nin İran siyasəti də müzakirə olunacaq və Azərbaycanın bu məsələdəki mövqeyi Amerika tərəfinə açıq şəkildə çatdırılacaq. Eyni zamanda, ehtiyac yaranarsa, Azərbaycan ABŞ vitse-prezidentinə öz vasitəçilik təklifini də irəli sürə bilər. Çünki Azərbaycan həm İranın, həm də ABŞ-nin etimad göstərdiyi nadir dövlətlərdəndir və bu etimadı qazanmağı bacarıb. Bu müzakirələrin nəticəsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyinə sadiq qalacaq. Ölkəmiz regionda münaqişələrin deyil, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır və öz ərazisinin qonşu dövlətlərə qarşı istifadə olunmasına qəti şəkildə imkan verməyəcək. Azərbaycanın bu qəti mövqeyi ABŞ rəsmilərinə də çatdırılıb və gələcəkdə də çatdırılacaq. ABŞ tərəfi bu mövqeyi anlayır və hesab etmək olar ki, onunla razılaşır", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr