AZ

ABŞ-nin bölgəyə marağı artır: Azərbaycan regional proseslərin mərkəzində - ÖZƏL

"ABŞ-nin bu səviyyədə yüksək təmsilçisinin Azərbaycana, ümumiyyətlə isə Cənubi Qafqaza səfəri son onilliklərdə müşahidə edilməyib. Bildiyiniz kimi, vitse-prezident ABŞ-də prezidentdən sonra ikinci şəxs hesab olunur və prezident vəzifəsindən azad edilərsə və ya öz səlahiyyətlərini icra edə bilməzsə, dərhal and içərək prezident vəzifələrini yerinə yetirir. Yəni faktiki olaraq söhbət ABŞ rəhbərliyinin ən yüksək səviyyəli nümayəndəsindən gedir və o, Azərbaycana da səfər edəcək."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistan və Azərbaycana səfərin planlaşdırılması, təbii ki, ötən il - 8 avqust 2025-ci ildə Vaşinqtonda Donald Trampın vasitəçiliyi və şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə bağlıdır. Bu səfərin hər iki ölkəni əhatə etməsi də məhz bununla izah olunur. Digər tərəfdən, bütövlükdə bölgəmizdə baş verən proseslər Amerikanın bu qədər yüksək səviyyədə diqqət ayırmasına səbəb olur. Burada baş verənlərin fonunda İrandakı proseslər, Rusiyanın Ukraynaya təcavüzü, eləcə də nüfuzu və təsir gücü getdikcə artan Türk Dövlətləri Təşkilatının mərkəzi ölkələrindən birinin Azərbaycan olması xüsusi qeyd edilməlidir.

ABŞ xüsusilə Orta Asiya türk dövlətləri ilə, ümumilikdə isə region ölkələri ilə münasibətləri gücləndirmək istiqamətində fəal siyasət yürüdür. Bu çərçivədə 5+1 formatında əməkdaşlıq genişlənir və Azərbaycan da artıq bu mexanizmlərə daha yaxından cəlb olunur. Qərbdə belə bir yanaşma formalaşıb ki, Orta Asiya ilə əməkdaşlıq qurmaq üçün Azərbaycanın rolu açar əhəmiyyət daşıyır. Bu baxımdan ABŞ-nin bölgəmizə marağının getdikcə artması təbiidir.

İran və təhlükəsizlik məsələlərinə gəlincə, bu mövzuların mütləq müzakirə olunacağı gözləniləndir. Doğrudur, mətbuata bütün detallar açıqlanmaya bilər və ümumi ifadələrlə kifayətlənilə bilər. Lakin şübhəsiz ki, Azərbaycan Prezidenti ilə qapalı görüşdə əlavə olaraq geniş və ətraflı müzakirələr aparılacaq. Bu da Azərbaycanın regionun əsas dövlətlərindən biri kimi rolunun növbəti təsdiqi hesab oluna bilər. Başqa sözlə, İranla bağlı mümkün addımlar müzakirə edilərkən Azərbaycanın mövqeyinin nəzərə alınması zəruridir. Ümumilikdə isə bəzi ehtimallar çərçivəsində Güney Azərbaycanın gələcək statusu ilə bağlı məsələlərin də gündəmə gəlməsi istisna edilmir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr