Bu gün dahi özbək şair və mütəfəkkir Əlişir Nəvainin (1441 – 1501) doğum günüdür.
Kulis.az bu münasibətlə ilk dəfə orijinaldan (qədim özbək dilindən)Akif Azalpın tərcüməsində Əlişir Nəvai “Xəmsə”sindən vəznini saxlamaqla “Fərhad və Şirin” poemasından Xosrovla Fərhadın deyişməsinitəqdim edir.
Şükuhundan yetib Xosrova təsir,
Qılıb eşqin odu könlünü əsir,
Unutdu eyləməyi qətli-bidad,
Onunla sorğu-sual etdi bünyad.
Dedi: Hardansan, ey məcnuni-gümrah?
Dedi: Məcnun vətəndən olmaz agah.
Dedi: Nədir sənə aləmdə peşə?
Dedi: Sevgidə məcnunluq həmişə.
Dedi: Bu işdə zəhmətin əbəsdir.
Dedi: Eşq odu peşəm olsa, bəsdir.
Dedi: Eşqin odundan de fəsanə!
Dedi: Kəs yanmadan tapmaz nişanə.
Dedi ki: Yandığını eylə məlum.
Dedi: Ondan irür tac əhli məhrum.
Dedi: Nə çağdan oldun sevgidən məst?
Dedi ki: Ruh deyildi tənə peyvəst!
Dedi: Bu sevgidən imtina eylə.
Dedi: Bu sözləri özgəyə söylə.
Dedi: Aşiqə nəyin çox əzabı?
Dedi: Firqət günü eşq iztirabı.
Dedi: Eşq əhlinin nədir həyatı?
Dedi: Görüşdə canan iltifatı.
Dedi: Dilbər adın söylərmi yadın?
Dedi: Dil qeyrətindən çəkməz adın!
Dedi: Könlün kimə sirli məkandır?
Dedi: Könlümdə o, gizlicə candır!
Dedi: Vüsalını edirsən arzu?
Dedi: Sevincimin baisidir bu!
Dedi: Yad alsa ləbindən bəhəri,
Dedi: Elə yadın olar zəhəri!
Dedi: Dodağının can alsa dadı,
Dedi: Yalnız budur canım muradı.
Dedi: Köksünü etsə parça-parça?
Dedi: Könlümü də verrəm asanca!
Dedi: Könlünü incitsə cəfası,
Dedi: Canımı da etsin fədası!
Dedi: Eşqin xeyiri yox, ziyandır!
Dedi: Faydası aşiqə əyandır.
Dedi: Bu eşqi atmaq yaxşıraqdır.
Dedi: Bu adət aşiqdən iraqdır.
Dedi: Al zəri, eşqi tut nihanı!
Dedi: Torpağa verməm kimiyanı!
Dedi: Canın fəraqdan bəlakeşdir?
Dedi: Vəslin ümidi var ki, xoşdur!
Dedi: Şahla yarışa etmə vərdiş!
Dedi: Eşq içrə təndir şahla dərviş!
Dedi: Canına sevgidən ələm var.
Dedi: Sevgidə candan kimə qəm var?
Dedi: Ölkə verim, keç bu həvəsdən!
Dedi: Bu xahişi et başqa kəsdən!
Dedi: Eşq içrə qətlin hökm edərəm!
Dedi: Eşqində məqsədə yetərəm.
Dedi: Onda deyil səndən iraq qətl!
Dedi: Bu sözlərindən yaxşıraq qətl!
Çətin keçsə də qızğın sorğu-sual,
Cavablarşahı asan eylədi lal.