Yaxın Şərqdə hərbi eskalasiyanın artdığı bir zamanda Omanda ABŞ-İran danışıqlar prosesinin başlanması, xüsusilə də Rusiyanın İran ətrafında proseslərə müdaxilə cəhdləri beynəlxalq ictimaiyyətin önəmli gündəm mövzusuna çevrilib.
Qeyd edək ki, Oman tərəflər arasında ənənəvi vasitəçi rolunu oynayır və fevralın 6-da başlayan kritik görüşlərə ev sahibliyi edir. Diplomatik mənbələrin məlumatlarına görə, İran hakimiyyətinin Omanda Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri ilə danışıqlara başlaması rəsmi Tehranın ABŞ ilə hərbi qarşıdurmada maraqlı olmadığını və Vaşinqtonun “təzyiq rıçaqları”nı yumşaltmaqda israrlı olduğunu göstərir. Eskalasiyanın qarşısının alınması istiqamətində İran hakimiyyətinin Rusiya ilə diplomatik-siyasi təmasları da diqqətçəkən məqamdır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Moskvaya səfəri və bu səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşməsi onu deməyə əsas verir ki, Tehran ABŞ-nin ehtimal olunan hücumları qarşısında tab gətirmək üçün Moskvanın dəstəyi ilə hərbi mövqelərini gücləndirmək niyyətindədir.
Belə demək mümkünsə, İran Moskva ilə strateji koordinasiyanı gücləndirərək özü üçün “təhlükəsizlik çətiri” formalaşdırmağa çalışır. Ekspertlər hesab edir ki, İran eyni vaxtda həm ABŞ ilə dialoq aparmaq, həm də Rusiya ilə hərbi-təhlükəsizlik istiqamətində əməkdaşlığı dərinləşdirməklə regionda təhlükəsizlik balansını öz xeyrinə dəyişmək məqsədi güdür.
Tehranın hədəfi buna yönəlib
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, ikiqat diplomatiyanın yürüdülməsi İran üçün həm risklərin idarəsi, həm də strateji üstünlük əldə etmək məqsədinə xidmət edir.

Onun sözlərinə görə, Oman və Rusiya kanalları Tehran üçün fərqli, amma bir-birini tamamlayan funksiyalardır:
“Oman xətti, əsasən, ABŞ ilə dialoqu mümkün edən neytral vasitəçi rolunu oynayır. Oman Tehranın Vaşinqtonla danışıqlar aparmasında etibarlı kanal kimi çıxış edir.
İran bu kanaldan istifadə edərək ABŞ-nin mümkün hərbi əməliyyatlarının qarşısını almaq, gərginliyi azaltmaq və iqtisadi-siyasi təzyiqləri yumşaltmaq məqsədini güdür. Oman vasitəsilə aparılan diplomatiya, həmçinin, İranın xarici aləmdə təzyiq altında olmadığını nümayiş etdirir və Tehran üçün regional risklərin idarə olunmasında strateji üstünlük yaradır”.
R.Bayramov bildirib ki, Rusiya xətti Tehran üçün tamamilə fərqli məqsəd daşıyır:
“Moskvanın dəstəyi ilə İran ABŞ və İsrailin mümkün hücumlarına qarşı strateji mövqe formalaşdırmağa çalışır. Bu koordinasiya vasitəsilə Tehran regional təhlükəsizlik xətləri yaratmaqla yanaşı, ABŞ-yə qarşı bir növ çəkindirici sığorta rolunu oynayır.
Rusiya ilə əməkdaşlıq həm siyasi, həm də hərbi texniki sahədə Tehran üçün güvən yaradaraq, ABŞ-nin potensial hərbi əməliyyatlarını mürəkkəbləşdirir. Beləliklə, İran eyni vaxtda həm özünü qorumağa, həm də gücünü göstərməyə yönəlik diplomatiya aparır.
Bura Oman vasitəsilə eskalasiyanı yatırmaq, Rusiya ilə güc nümayişi və regional manevr imkanlarını genişləndirmək daxildir”.
Rusiya İrana dəstək verəcək?
R.Bayramov bu məsələnin bir qədər mürəkkəb olduğunu vurğulayıb. O izah edib ki, Tehran və Moskva arasında uzunmüddətli strateji əməkdaşlıq enerji, hərbi-texnika və regional geosiyasi koordinasiyanı əhatə edir:
“ABŞ ilə qarşıdurma kontekstində Rusiya üçün İranın yanında durmaq Vaşinqtona qarşı siyasi mesaj və regional balansın qorunması deməkdir. Bununla belə, Moskvanın dəstəyi daha çox simvolik və koordinasiya xarakterli olacaq. Yəni Rusiyanın ABŞ-ni qıcıqlandıracaq birbaşa hərbi dəstək ehtimalı aşağıdır, demək olar ki, yoxdur.
Çünki bu ABŞ ilə birbaşa qarşıdurma riski yaradar və Rusiya üçün yüksək riskli addım olar. Odur ki, ABŞ və İsrailin hərbi addımlarına qarşı Rusiya dəstəyinin faktiki hərbi aspekti məhdud olduğundan, Tehran daha çox siyasi və strateji balans yaratmağa fokuslanır”.