Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunub.
Adalet.az xəbər verir ki, təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Daha sonra Ceyhun Cəlilov Prezidentin təqdimatına uyğun olaraq Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını vurğulayıb. Baş nazir ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.
Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. O bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır. Məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi və s. sahələrin yüksələn xəttlə inkişafı davam etdirilməlidir.
Ceyhun Cəlilov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Səlahiyyətli nümayəndə Muxtar respublikanın müasir inkişaf yol xəritəsi sayılan Dövlət Proqramının 2026–2027-ci illər üzrə icrasının intensiv şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonda səlahiyyətli nümayəndə Cabbar Musayevi təbrik edərək, Prezidentin muxtar respublikanın inkişafı ilə bağlı tapşırıqlarının vaxtında və layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.