AZ

Ölüm halında sığorta: Ailələrə nə qədər pul ödənilir?

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Həyatın dəyişməyən gerçəyi ölümdür. Bu mövzu haqqında danışmaq çətin olsa da, sevdiklərimizi ağır günlərdə maddi çətinliklərlə üz-üzə qoymamaq hər bir insanın mənəvi məsuliyyətidir.

BAKU.WS- in məlumtına görə, məhz bu səbəbdən son dövrlər Azərbaycanda ölüm halından sığorta növünə maraq xeyli artıb.

Rəsmi statistikaya görə, 2025-ci ilin yanvar–dekabr aylarında həyatın ölüm halından sığortası üzrə yığımlar 12 faizdən çox artaraq 38 milyon manatı ötüb. Artım yalnız yığımlarda deyil, ödənişlərdə də müşahidə olunur. Ötən il bu sahədə ödənişlər 29,66 faiz artaraq 3 milyon manatdan çox olub. Bu da sığorta hadisəsi baş verdikdə vərəsələrin real kompensasiya ala bildiyini göstərir.

Dövlət sığortası kimlərə şamil olunur?

Ölüm halından dövlət sığortasının əsas şərti vətəndaşın əmək fəaliyyəti və sosial sığorta ödənişləridir. Əgər şəxs işlədiyi dövrdə əmək kapitalı formalaşdırıb və sosial sığorta ödəyibsə, vəfat etdikdən sonra həmin vəsait vərəsələrinə ödənilir.

Əks halda, yəni sosial sığorta stajı olmayan şəxslər üçün dövlət tərəfindən yalnız birdəfəlik müavinət – xalq arasında "ölüm pulu" kimi tanınan yardım nəzərdə tutulur.

Özəl sığorta necə işləyir?

Özəl sığorta şirkətlərində isə mexanizm daha çevikdir. Məsələn, vətəndaş 3 il ərzində hər ay 100 manat sığorta haqqı ödəyirsə, ümumi yığım təxminən 3600 manat təşkil edir. Müqavilə müddəti bitdikdən sonra vətəndaş 4–5 min manata yaxın vəsait əldə edə bilər.

Əgər sığortalı şəxs bu müddət ərzində vəfat edərsə, müqavilədə nəzərdə tutulan məbləğ ailə üzvlərinə və ya vərəsələrinə ödənilir. Bu baxımdan ölüm halından sığorta həm maliyyə təminatı, həm də gələcək üçün bir növ investisiya funksiyası daşıyır.

Qeyd edək ki, bu sığorta növü ilə bağlı məlumatlılıq artdıqca ailələrin üzərinə düşən maliyyə yükü azalır və sığorta bazarında sağlam inkişaf təmin olunur. Ölüm halından sığorta artıq qorxulu anlayış deyil, ailə üçün maliyyə təhlükəsizliyinin bir hissəsi kimi dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
baku.ws

2Mənbələr