AZ

Taleh Kazımov "vətəndaşın əlindən 68 dolları çıxarmaq" istəyir...



Son 25 ildə Azərbaycan əhalisi 17 milyard ABŞ dolları dəyərində xalis xarici valyuta alıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Həmin məbləği manata, avroya, funt sterlinqə də çevirə bilərsiniz. Biz buna "yastıq altındakı vəsait" deyə bilərik. Əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin", - deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.

17 milyard dolları 25 ilə bölsək, ildə təxminən 680 milyon dollar edir.

Bu məbləği 10 milyon əhaliyə böldükdə isə, belə çıxır ki, hər bir nəfərə ildə təxminən 68 ABŞ dolları. Yəni orta hesabla son 25 il ərzində Azərbaycan əhalisinin hər bir nəfərinin payına ildə 68 dollar civarında xalis xarici valyuta alışı düşür. Yəni 10 milyon əhalinin hər birinə ildə 68 dollar valyuta düşür ki, bu da cüzi məbləğdir.

Axı bu o qədər də əhəmiyyətli məbləğ deyil, niyə əhalinin hər birinin cibində 68 dollar ehtiyatı olmasın? 68 dollar axı yastıq altına gedəsi vəsait deyil. Elə isə, AMB rəhbərini əslində narahat edən nədir?

Bu məsələyə tənqidi yanaşanda ortaya çox ciddi ziddiyyət çıxır. 17 milyard dolları 25 ilə bölüb, sonra da bunu 10 milyon əhaliyə paylayıb “yastıq altı problem” kimi təqdim etmək iqtisadi baxımdan manipulyativ yanaşmadır. Çünki bu hesablamanın özü göstərir ki, söhbət real təhlükədən yox, süni şəkildə şişirdilmiş narrativdən gedir.

Əgər həqiqətən hər adama ildə orta hesabla 68 dollar düşürsə, bu məbləğ nə makroiqtisadi riskdir, nə də maliyyə sistemini silkələyən faktordur. 68 dollar nə investisiya resursudur, nə biznes açır, nə də kredit bazarını xilas edir. Bu məbləği “yastıq altı kapital” kimi təqdim etmək iqtisadi savadsızlıq yox, bilərəkdən məsuliyyəti əhalinin üzərinə atmaqdır. Çünki problem əhalinin cibində deyil, dövlətin yaratdığı iqtisadi mühitdədir.

Əgər insanlar pullarını banklara gətirmirsə, bunun səbəbi vətəndaşın “pis davranışı” yox, bank sisteminə inamsızlıqdır. Son 15-20 ildə baş verən devalvasiyalar, əmanətlərin real dəyərinin itməsi, yüksək inflyasiya, bankların bağlanması və əmanətçilərin faktiki olaraq cəzalandırılması şəraitində insanlar pullarını niyə sistemə versin? AMB bu sualı özünə vermək əvəzinə məsuliyyəti yenə vətəndaşın üstünə atır.

Üstəlik, real “yastıq altı” pullar əhalidə deyil, iri monopolist qruplarda, dövlətə yaxın biznes strukturlarında və ölkədən çıxarılan kapitaldadır. Kiçik əmanət sahibini hədəfə almaq asandır, amma milyardlarla dolların ofşorlara axıdılması, dövlət satınalmalarında şişirdilmiş qiymətlər, qeyri-şəffaf layihələr barədə eyni kəskinliklə danışılmır. 68 dollar saxlayan vətəndaşı problem kimi göstərib, milyonlarla dolları sistemdən çıxaranları görməzliyə vurmaq açıq ikili yanaşmadır.

Əgər AMB həqiqətən istəyirsə ki, pullar real sektora gəlsin, əvvəlcə real sektorun özünü cəlbedici etməlidir. Azərbaycanda kiçik və orta biznes üçün risklər yüksək, qaydalar qeyri-sabit, vergi və yoxlamalar təzyiq xarakterlidir. İnsan niyə pulunu biznesə yatırsın ki, sabah hansısa məmur bir qərarla onu batıra bilər? Bu mühit dəyişmədən heç bir çağırış nəticə verməyəcək.

Əslində AMB rəhbərliyini narahat edən əhalinin cibindəki 68 dollar deyil. Onu narahat edən odur ki, pul siyasəti işləmir, manat uzunmüddətli etibar qazana bilməyib və bank sistemi real iqtisadiyyatı maliyyələşdirmək gücündə deyil. Amma bu problemləri açıq etiraf etmək əvəzinə, mövzu “yastıq altı pullar” kimi sadələşdirilir və diqqət vətəndaşa yönəldilir.

Qısası, problem əhalinin pul saxlamasında yox, dövlətin yaratdığı sistemin etibarsızlığındadır. İnsanlar rasional davranır: riskli mühitdə pullarını qoruyurlar. Bu davranışı tənqid etmək yox, onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır. Əks halda, nə 68 dollar banklara gələcək, nə də real sektor inkişaf edəcək.

Akif NƏSİRLİ

Seçilən
44
baki-xeber.com

1Mənbələr