AZ

ABŞ İran rejimini mərhələli şəkildə çökdürəcək ŞƏRH

ain.az bildirir, Sherg.az portalına istinadən.

"Sanksiyalar, mühasirə və iqtisadi, psixoloji təziq vasitəsi ilə İran rejimi parçalayacaqlar və xalq yenidən ayaqlanacaq"

ABŞ-də həm siyasi dairələrdə, həm də ekspert mühitində İrana qarşı siyasətin sərtləşdirilməsi ilə bağlı çağırışlar yenidən intensivləşir. Respublikaçı senator Keti Britt Vaşinqtonun Tehrana qarşı maksimum təzyiq kursunu dəstəkləyərək, İranla iqtisadi əlaqələri olan ölkələrin də əlavə rüsum və sanksiyalarla üzləşə biləcəyini bildirib.

Respublikaçı senator İrana qarşı maksimum təzyiq siyasətinin davam etdirilməsini alqışlayaraq, ABŞ Prezidenti Donald Trampa təşəkkür edib: “Ayətullahın (Əli Xamenei) əlləri çoxsaylı amerikalıların qanına batıb, bu rejimlə ticarət edən hər bir şəxs və ya ölkə öz qərarına yenidən baxmalıdır”. Eyni zamanda amerikalı analitik Mark Levin İranın danışıqlarda güzəştə getməyəcəyini iddia edərək, hərbi variantın gündəmdə qalmalı olduğunu vurğulayıb: “Hazırda İranın danışıqlarda yenidən yanlış hesablamaya yol verməsi, hətta qəsdən danışıqlara açıq olmadığını göstərməsi ehtimalı var. Bağlanacaq istənilən saziş də mənasız olacaq, Tehran ona əməl etməyəcək”

Bu bəyanatlar ABŞ-İran münasibətlərində gərginliyin artması ehtimalını yenidən aktuallaşdırır.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a bildirib ki, İsrail israrla ABŞ-dan İrana qarşı hərbi əməliyyatlara start verməyi tələb edir:

“İsrail danışıqlarla İran rejiminin bir qədər də ömrünü uzada biləcəyini düşünür. Yaxud ABŞ-nin İranla razılaşacağından narahatdır. İsrail və ABŞ-dakı bir sıra siyasilər İrana hərbi müdaxilənin tərəfdarıdırlar. ABŞ və İran arasında baş verən gərginliyin əsas səbəblərindən biri də onun strateji müttəfiqi olan İsrailin təhlükəsizliyi məsələsidir. İsrail əslində İrana hərbi müdaxilənin ciddi tərəfdarıdır və istəyir ki, ABŞ İranı vursun. Lakin Vaşinqton öz maraqlarını və müharibədən doğacaq mənfi nəticələri nəzərə alaraq hərbi müdaxilə məsələsində tərəddüd edir, təziq vasitəsi ilə boyun əydirmək istəyir. Əslində ABŞ-ın İrana hücumu etirazçıların öldürülməsi ərəfəsində gözlənilirdi. İsrail də bunda maraqlı idi. Lakin ABŞ bunu etmədi. Hazırda İsrail səbrsizlənir və Tramp administrasiyasına təziq edir. Epşteyn dosyasının açılması da Trampa təziq rıçaqlarından biri idi. Eyni zamanda Netanyahunun çıxışında ABŞ dövlətinin qurulmasında yəhudilərin yolunu vurğulaması da Vaşinqtona təsir xarakteri daşıyır. Arada elə maraqlar və məsələlər var ki, ABŞ İsraillə münasibətlərə həssas yanaşmağa məcburdur. İrana qarşı irəli sürülən tələblərdən geri çəkilməməkdə İsrailin israrı bir daha təkrar olunacaq”.

Danışıqların formal xarakter daşıdığını vurğulayan ekspert bildirib ki, İran da, İsrailin israrı ilə ABŞ da öz tələblərindən geri çəkilməyəcək: “Danışıqların "faydası" yalnız müharibənin daha da alovlu olması üçün tərəflərin hazırlaşmasına ayrılan zamandır. ABŞ istənilən üsulda İran rejimini ram edəcək. Sadəcə bu indiki danışıqlar mərhələsindən sonra baş verə bilər. Sanksiyalar, mühasirə və iqtisadi, psixoloji təziq vasitəsi ilə İran rejimi parçalayacaqlar və xalq yenidən ayaqlanacaq. Müharibə və müəyyən nöqtələrə zərbə bəlkə də ən son variant olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
sherg.az

1Mənbələr