AZ

Tehran: Atom bombamız böyük güclərə “YOX” demək üçündür

ain.az, Olke.az portalına istinadən məlumat verir.

İranın xarici işlər naziri Abbas Əraqçinin Tehranda Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən  toplantıda tehranın nüvə proqramı ilə bağlı çıxışı mesajı adi diplomatik bəyanat deyil. Bu, qlobal güclərə ünvanlanan açıq mesaj, psixoloji və geosiyasi güc nümayişidir. “Atom bombamız böyük dövlətlərə “yox” demək qabiliyyətimizdir” ifadəsi əslində təkcə nüvə proqramı haqqında deyil, bu Tehranın yeni strateji doktrinasının elanıdır.

Bu çıxış göstərir ki, Tehran artıq müdafiə mövqeyindən çıxaraq siyasi-psixoloji hücum mərhələsinə keçib.

Nüvə bombası yox, “siyasi nüvə doktrinası”

Əraqçi açıq şəkildə bildirir ki, İran nüvə bombası əldə etmək niyyətində deyil. Lakin eyni zamanda nüvə proqramından geri çəkilməyəcəyini də qəti şəkildə vurğulayır. Bu iki mesaj birlikdə oxunduqda ortaya yeni konsepsiya çıxır: İran fiziki nüvə silahı deyil, nüvə gücü statusu istəyir.

Bu status Tehrana nə verir? 

Böyük güclərin diktəsinə müqavimət imkanı, hərbi təzyiqi balanslaşdırmaq gücü, danışıqlarda maksimum manevr sahəsi, regional liderlik iddiasını təmin etməyə imkan verir.

Başqa sözlə, Tehran “bombaya ehtiyac yoxdur, bombanın yaratdığı qorxu kifayətdir” mesajı verir.

“12 günlük müharibə” mesajı: qorxmuruq

Əraqçinin çıxışında ən diqqətçəkən hissələrdən biri “12 günlük müharibə” vurğusudur. Bu ifadə təsadüfi seçilməyib.  Bunun Tehran  mesaj vermək istəyir ki, İran özünü artıq sanksiyalar və hərbi təzyiqlərə tab gətirən dövlət kimi təqdim edir.

Bu ritorika üç istiqamətə yönəlib:

1.    Daxili auditoriya da müqavimət ideologiyasını gücləndirmək

2.    ABŞ və Qərbə hərbi təzyiqin nəticə verməyəcəyini göstərmək

3.    Regionda isə İranın geri çəkilməyəcəyini nümayiş etdirmək

Bu, psixoloji deterrens, yəni çəkindirmə strategiyasıdır.

ABŞ-a açıq mesaj: güc yolu ilə sülh qəbul edilmir

Əraqçinin ABŞ haqqında dedikləri çıxışın ən sərt hissəsidir. Tehran Vaşinqtonu açıq şəkildə “güc yolu ilə sülh” siyasətində ittiham edir və bunu beynəlxalq sistem üçün təhlükə adlandırır.

Bu, əslində ABŞ-İran münasibətlərində yeni mərhələnin siqnalıdır: Diplomatiya davam edir, amma paralel olaraq qarşıdurma ritorikası sərtləşir. İran “danışıqların alternativi yoxdur” deyir, lakin eyni cümlədə “təhdidə təhdidlə cavab verəcəyik” mesajını verir. Bu, klassik “iki cəbhəli strategiya”dır. Diplomatiya üstəgəl çəkindirmə.

Region üçün mesaj: İran geri çəkilmir

Tehran açıq şəkildə bildirir ki,bölgədə ABŞ hərbi mövcudluğu onu qorxutmur, hərbi qarşıdurmaya hazırdır, lakin müharibə istəmir. Bu mesaj xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz üçün vacibdir. İran regionda güc balansının dəyişməsinə imkan verməyəcəyini göstərir.

Dünya yeni İran doktrinası ilə üz-üzədir

Əraqçinin çıxışı bir cümlə ilə xülasə oluna bilər: İran nüvə silahı əldə etmədən nüvə gücü statusu qazanmaq istəyir.

Bu strategiya risklidir, lakin effektiv ola bilər: Bombasız çəkindirmə, müharibəsiz güc nümayişi, diplomatiya ilə paralel sərt ritorika. Dünya isə bu mesajı çox yaxşı anlayır.  Tehran geri çəkilmək niyyətində deyil və bu, qlobal geosiyasətdə yeni gərginlik mərhələsinin başlandığını göstərir.

 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
olke.az

2Mənbələr