AZ

Məhkəmədə çıxarılan hökm 30 il ərzində Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasətinə verilən cəzadır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Ötən günlərdə erməni separatçılarının liderləri, silahlı birləşmələrin və terrorçu dəstələrinin rəhbərləri, həmçinin üzvlərinin bir neçəsinə hökm oxundu. Azərbaycan məhkəməsi tərəfindən onlar müxtəlif cəzalara məhkum edildilər. Azərbaycan qanunvericiliyə müvafiq olaraq 65 yaşına çatmış şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilməzlər deyə, 65 yaşa qədər olanlar Araik Arutunyan və digərləri ömürlük həbs cəzasına, 65 yaşına çatmışlar isə 20 il müddətinə azadlıqdan məhrum edildilər.

Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, bu məhkəmə prosesi ötən ilin yanvarın 9-dan başlamaqla bir ildən çox idi ki, davam edirdi və məhkəmə tam şəffaf surətdə açıq şəkildə həyata keçirildi: “Ondan əvvəlki dönəmdə də bir müddət ərzində istintaq orqanı tərəfindən onların cinayətləri araşdırıldı. İstintaq orqanı onların cinayətlərini tam olaraq sübuta yetirdi. Eyni zamanda özlərinin də etirafları var. Etdikləri cinayət əməlləri ilə bağlı, aşkarlıq şəraitində keçirilən məhkəmə iclasında da bütün sübutlar tam olaraq təsdiqini tapdı. Eyni zamanda, bu cinayətkarlar etdikləri cinayətləri özləri də ifadələri ilə etiraf etdilər”.

Arzuxan Əlizadə / Foto: amip.az

Deputat bildirib ki, məhkəmədə çıxarılan hökm bu cinayətkarların timsalında bütövlükdə 30 il ərzində Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasətinə verilən qiymətdir.

Arzuxan Əlizadə qeyd edib ki, bu prosesi başladan və rəhbərlik edən bir çox cinayətkarlar var ki, Ermənistanda, Rusiyada və dünyanın fərqli yerlərində hələ də azad surətdə gəzə bilirlər, amma onlar ilahi ədalətdən qaça bilməyəcəklər: “İstənilən halda, məhkəmənin qərarı ədalətin təntənəsidir və bunun Azərbaycan, Ermənistan münasibətlərinə heç bir aidiyyatı yoxdur. Bunlar birmənalı olaraq, cinayət törədirdilər. Bunlara qarşı həyata keçirilən istintaq hərəkətləri, məhkəmə iclası və bütün bunların araşdırılması beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olmalı idi. Çox vaxt bunu Nürnberq prosesi ilə əlaqələndirirəm. Amma istənilən halda bunlar da insanlığa qarşı cinayət törətmişdilər. Soyqırımlar, qətllər, dinc sakinlərin, uşaqların, qadınların qətlə yetirilməsi bütövlükdə tək Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndirilir. Beynəlxalq hüquq baxımından da onlara yönəlik münasibət elə olmalı idi”.

Deputat təəssüflə bildirib ki, Avropa Parlamentinin, bəzi başqa qurumların bu cinayətkarları siyasi məhbus kimi beynəlxalq ictimaiyyətə təqdim etmək cəhdlərinə şahidlik etdik: “Onsuz da dünyada beynəlxalq hüquq adında məfhum var, amma beynəlxalq hüquq yoxdur. Hüquq ayaqlar altındadır. Dünyada bir güc hüququ var. Dünyada “Güclüsənsə, haqlısan” prinsipi ilə bütün məsələlər həll olunur. Biz bunu çox yaxşı bilirik. Amma istənilən halda biz öz gücümüzə, İlahi ədaləti bərpa etdik. Təkcə torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik və dünyaya bir nümunə qoyduq. Terrorçuluqdan və separatçılıqdan qurtulmağın Azərbaycan nümunəsini təqdim etdik. Həm də öz gücümüzə. Həmin o cinayətkarları da məhkəmə qarşısına çıxarmaqla, istintaq etməklə və ədalətli, şəffaf məhkəmə prosesində onların bütün cinayətləri sübuta yetirməklə başa vurduq. Onlar öz layiqli cəzalarını alıblar”.

Arzuxan Əlizadə hesab edir ki, Azərbaycanda ölüm hökmü ləğv olunmasaydı, onların ölüm hökm ilə cəzalandırılması da ola bilərdi: “Onlar elə hər yaşadıqları Azərbaycan həbsxanasında hər yaşadıqları gündə 1000 dəfə ölüb diriləcəklər. Bundan böyük cəza ola bilməz. Bugünkü verilən qərar da tam ədalətlidir. Həm hüquq baxımından, həm də ədalət baxımından kifayət qədər normal qərardır ki, bu da təbii ki, təqdir olunmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr